Hörmüz açılsa belə, İranın problemləri həll olunmayacaq

Hörmüz açılsa belə, İranın problemləri həll olunmayacaq
10:17

İran və ABŞ arasında münasibətlərdə mümkün normallaşma, Hörmüz boğazının taleyi və Tehrana tətbiq olunan sanksiyaların gələcəyi yenidən beynəlxalq gündəmdədir. Politoloq Elçin Alıoğlu hesab edir ki, hətta İranla Qərb arasında razılaşma əldə olunsa belə, bu, ölkənin üzləşdiyi əsas problemləri aradan qaldırmayacaq.

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib ki, ABŞ-də iri maliyyə və enerji şirkətlərinin maraqları ölkənin xarici siyasətində mühüm rol oynayır və Donald Tramp da bu amili nəzərə alaraq hərəkət edir.


“ABŞ-də böyük maliyyə və enerji şirkətlərinin maraqları həmişə ön planda olub. Donald Tramp da həmin çevrələrin maraqlarını nəzərə alan siyasət yürüdür. Son aylarda, xüsusilə də İranla bağlı proseslər fonunda Vaşinqtonun tətbiq etdiyi yeni sanksiyalar və maliyyə tədbirləri də bunun göstəricisidir”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, Hörmüz boğazının gələcəyi ilə bağlı məsələ əslində göründüyündən daha sadədir.

“İran İslam Respublikası mövcud şərtlərlə razılaşmağa tələsmir. Bunun əsas səbəbi ölkənin ağır iqtisadi vəziyyətidir. İşsizlik, bahalaşma, sosial narazılığın artması və cəmiyyətin hakimiyyətə inamının ciddi şəkildə azalması Tehran üçün əsas problemlərdir. Hakimiyyət ilk növbədə daxili sabitliyi qorumağa çalışır”, – deyə Elçin Alıoğlu qeyd edib.

Ekspert hesab edir ki, İranla ABŞ arasında sülh sazişinin imzalanması belə bütün problemlərin həlli demək deyil.

“Bir anlıq təsəvvür edək ki, İran və ABŞ arasında sülh müqaviləsi imzalanır, Hörmüz boğazı tam açılır və gərginlik aradan qalxır. Bu, o deməkdirmi ki, Qərb İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edəcək? Xeyr. Embargo tamamilə aradan qaldırılacaq? Yenə də xeyr. İranın nüvə proqramı, raket proqramı və digər mübahisəli məsələlərlə bağlı danışıqlar davam edəcək. Yəni təkcə Hörmüz boğazının açılması İranın iqtisadi və siyasi problemlərini həll etməyəcək”, – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada