Son vaxtlar “hoqqa çıxarmaq” frazeoloji ifadəsindən istifadə edənlər çoxalıb. Bilmirəm bu, hoqqa çıxaranların sayındakı artımla düz mütənasibdir ya yox, hər nəysə ifadədən istifadənin özü yaxşıdır. Frazeoloji vahidlər ana dilinin bərəkətidir. Gündəlik ünsiyyətdə onlardan nə qədər çox işlətsək, dil də o qədər dadlı-tamlı olar.
Pis halsa “hoqqa çıxarmaq” ifadəsinin təhrif olunmasıdır. Yəqin diqqət eləmisiniz, əksəriyyət xüsusən son illər bunu “hoqqa vermək” kimi işlədir. Bu, tamamilə yanlışdır. Doğru variant məhz "hoqqa çıxarmaq"dır.
İndi “hoqqa çıxarmaq” ifadəsi necə əmələ gəlib, Sizə bir az onun tarixindən yazım, yeni ilə daha artıq biliklə adlayaq.
Hoqqa çəki vahididir. Nə vaxtsa nal kimi əşyaların çəkisini, şərab kimi mayelərin həcmini onunla ölçürmüşlər.
Bundan başqa, hoqqa sulu qəlyanın bir elementidir. Düzü, əvvəllər elə bilirdim, bu ifadəni qəlyançəkənlər yaradıblar. Hətta özümdən bir hekayə də düzüb-qoşmuşdum: guya, qabaqlar Bakının məşhur "avtoş"ları öz məharətlərini göstərmək üçün avtomobilin əyləc şlanqlarını kəsib sürdükləri kimi, ötən əsrin əvvəllərinin adlı-sanlı qəlyançəkənləri də hoqqanı çıxarıb paravoz kimi fısqırdırlarmış, kənardan baxanlar da deyirmiş, adə nə hoqqa çıxarırsan?!
Amma ən axırda məlum oldu ki, “hoqqa çıxarmaq” ifadəsi xalqımızın qədim meydan tamaşalarının birinin adından gəlir. Bilirsiniz ki, əsrlər ərzində xalqımızın “Motal-motal”, “Qurd basdı”, “Şuma qədər”, “Maral oyunu”, “Kilimarası” və s. belə maraqlı meydan tamaşaları olub. Bundan başqa, Məhərrəmlik vaxtı adamlar yığışıb şəbih çıxarıblar. Belə meydan tamaşalarımızdan biri də “Hoqqa” idi.
Bu oyun, indiki fokusçuların əməllərinə çox bənzəyirdi. Ərəb dilində “hoqqa” sözünün mənası “kiçik mücrü”dür. Hoqqa çıxaran aktyor mücrüdən, yəni hoqqadan nələrsə çıxarıb onunla müxtəlif illüziyalar yaradır, trüklər göstərir, camaatın başını fəndlərlə aldadırmış. Tamaşaçılar da hər nömrədən sonra gözləyirmişlər ki, görəsən indi nə hoqqa çıxaracaq.
Bəzi rəylərə görə bu oyunun tarixi ta şaman sehrbazlarına qədər gedib çıxır. Zamanla hoqqabazlar him-cimlə danışmaq (pantomim), müxtəlif heyvan və quşları yamsılamaq kimi ustalıqlara da yiyələniblər.
Azərbaycanda bu oyunun ən yaxşı aktyorlarından biri olub “Lotu Cabbar” ləqəbli Məşədi Cabbar Vahabov, digər biri olub Abdal Qasım.
Yavaş-yavaş meydan tamaşasındakı işləklər frazeoloji vahid kimi dildə də oturuşub. Gündəlik həyatda, ictimai münasibətlərdə bənzər işlərlə məşğul olmağın adı qalıb “hoqqa çıxarmaq”. Bu işin ustalarına deyiblər “hoqqabaz”.
Yadigar Cəfərli, jurnalist