Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işləri sürətlə və heç bir maneə olmadan davam edir. Şəhərsalma və tikinti normalarının kobud şəkildə pozulduğu bu ərazilərdə aparılan işlər sakinlərin haqlı narazılığına səbəb olub.
News365.az "Azərbaycan Reallığı"ına istinadən xəbər verir ki, sözügedən tikinti işləri üçün heç bir rəsmi icazə, layihə sənədi və müvafiq dövlət qurumlarının razılığı mövcud deyil. Buna baxmayaraq, tikintinin dayandırılması istiqamətində hər hansı real addımın atılmaması ciddi suallar doğurur.
Ən diqqətçəkən məqam isə odur ki, qanunsuz tikintinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin “xeyir-duası” ilə başladığı iddia olunur. Əgər bu iddialar həqiqəti əks etdirirsə, bu, birbaşa dövlət qanunlarının tapdanması və vəzifə səlahiyyətlərindən sui-istifadə anlamına gəlir.
Qanunvericiliyə əsasən, hər hansı tikinti işi müvafiq icazələr olmadan aparıla bilməz. Xüsusilə də yaşayış massivlərində bu cür özbaşına tikintilər gələcəkdə ciddi təhlükələrə, infrastruktur problemlərinə və sosial narazılıqlara yol açır. Lakin görünən odur ki, Xırdalanda bu tələblər heçə sayılır.
Aidiyyəti dövlət qurumlarından - xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən xahiş olunur ki, məsələ ilə bağlı dərhal araşdırma aparılsın, qanunsuz tikinti faktları yerində yoxlanılsın və məsul şəxslər barəsində qanunauyğun tədbirlər görülsün.
İctimaiyyət bu məsələnin ört-basdır edilməsini deyil, şəffaf və obyektiv araşdırılmasını gözləyir. Qanun hamı üçün eynidirsə, o zaman Xırdalanda baş verən bu açıq qanunsuzluğa niyə göz yumulur?
Mövzu tərəfimizdən diqqətdə saxlanılacaq.