“Hərbçi olmasına şübhəm var, hərbi biletini istədim” - Şərurlu İsfəndiyar danışdı

“Hərbçi olmasına şübhəm var, hərbi biletini istədim” - Şərurlu İsfəndiyar danışdı
17:39

Şərur MTK ilə bağlı sosial şəbəkələrdə yayılan “ödənişi iki gün gecikdirən şəxsin 20 min manat cərimələnməsi” iddiasına şirkət rəhbəri kimi tanınan Şərurlu İsfəndiyar münasibət bildirib.

News365.az-a danışan Şərurlu İsfəndiyar bildirib ki, özünü hərbçi kimi təqdim edən şəxsin kimliyi barədə şübhələri var:

“Özünü hərbçi kimi təqdim edən şəxsin həqiqətən hərbçi olmasına şübhə ilə yanaşıram. Hərbçinin adı, soyadı, hərbi bileti olmalıdır. Mən ondan hərbi biletini göstərməsini istədim”.

Onun sözlərinə görə, həmin şəxs mənzilin başqa bir vətəndaşın adına rəsmiləşdirildiyini etiraf edib:

“Dedi ki, həmin ev əslində onundur və bunu dövlət bilməsin deyə başqa şəxsin adına rəsmiləşdirib. Belə yanaşma düzgün deyil”.

Şərurlu İsfəndiyar ödəniş məsələsinə də aydınlıq gətirib. O bildirib ki, cərimə iki günlük deyil, müqavilədə nəzərdə tutulan iki aylıq gecikmə halında tətbiq olunur:

“Müqaviləyə əsasən, alıcı iki ay ərzində ödənişi etmədikdə cərimə tətbiq olunur. Əgər ödəniş iki aydan artıq gecikərsə, müqavilədə göstərildiyi kimi, mənzil yeni qiymətlə hesablanır və ya alıcı ödəniş qrafikinə əməl etməlidir”.

İsfəndiyar əlavə edib ki, müqavilə qüvvədə olduğu halda şirkətə qarşı səsləndirilən ittihamlar nəticəsiz olacaq.

Qeyd edək ki, məsələ ilə bağlı məlumatı ilk olaraq keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında paylaşmışdı.


Sizin reklam burada
Sizin reklam burada