İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi kimdir? - DOSYE

İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi kimdir? - DOSYE
14:30

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni komandan gətirilib.

İranın Ali Lideri Müctəba Xameneinin fərmanı ilə bu vəzifə general Əli Abdullahiyə həvalə olunub.

İran mətbuatı yazır ki, Ali Rəhbər Xameni (o, həm də Ali Baş Komandandır) komandirlərlə bağlı son təyinatlara imza atarkən onların döyüş meydanı təcrübəsinə və yüksəksəviyyəli idarəçiliyə xüsusi önəm verib.

Xameninin imzaladığı ayrı-ayrı fərmanlarla Silahlı Qüvvələrin altı komandiri və idarəçisi Silahlı Qüvvələrin Baş Qərargahı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Bəsic Təşkilatında müvafiq vəzifələrə təyin olunublar. Bu təyinatlar Silahlı Qüvvələrin müdafiə, əməliyyat və idarəetmə imkanlarını möhkəmləndirmək və artırmaq məqsədilə həyata keçirilib.

Müvafiq fərmanlara əsasən, SEPAH-ın general-mayoru Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Kiumərs Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

General-mayor Əhməd Vahidinin hərbi rütbəsi general-leytenantlığa qaldırılaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali baş komandiri, general-leytenant Mustafa İzədi isə SEPAH komandirinin müavini vəzifəsinə gətirilib.

Növbəti fərmanlarla kontr-admiral Əli Özməi SEPAH Hərbi Dəniz Qüvvələrinin komandiri, Höccətül-islam vəl-müslimin Hüseyn Taib isə yarımhərbi Bəsic Təşkilatının rəhbəri təyin edilib.


Təyin olunan şəxslərin keçmişinə nəzər saldıqda görünür ki, onların böyük əksəriyyəti İran-İraq müharibəsi dövrünün veteran komandirləridir və Silahlı Qüvvələrin müxtəlif əməliyyat, qərargah, təhlükəsizlik və idarəetmə sahələrində təcrübəli rəhbər kadrlardır.
 
Qeyd edək ki, İranda Baş Qərargah rəisi kifayət qədər təhlükəli vəzifəyə çevrilib. Belə ki, son 14 ayda İran Silahlı Qüvvələrinin iki Baş Qərargah rəisi öldürülüb.

General-leytenant Məhəmməd Baqeri keçən ilin iyun ayında, onun ardınca general-leytenant Əbdülrəhim Musəvi isə bu ilin fevralında İsrail və ABŞ hücumları zamanı öldürülüblər.

İndi diqqətlər Silahlı Qüvvələrin yeni Baş Qərargah rəisi Əli Abdullahiyə yönəlib. "O da İsrail və ABŞ hücumlarının qurbanı ola bilərmi" sualı xarici KİV-də müzakirə olunur.

Ali Lider Müctəba Xameni general Əli Abdullahi qarşısında silahlı qüvvələrin və xalq səfərbərliyinin müdafiə və təhlükəsizlik imkanlarının artırılması, mümkün təhdidlərə operativ cavab vermək imkanlarının yaradılması, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahı ilə "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin tamamlanması kimi vəzifələr qoyub.

İran mənbələri yazırlar ki, 1959-cu il təvəllüdlü general-mayor Əli Abdullahi Silahlı Qüvvələrin veteran komandirlərindən biridir. Onun xidmət yolu SEPAH-ın müxtəlif qoşun növlərini, Hüquq-Mühafizə Qüvvələrini, Daxili İşlər Nazirliyini və Silahlı Qüvvələrin Baş Qərargahını əhatə edir.

Abdullahi hərbi qurumlarda xidmətinə İslam İnqilabının qələbəsindən sonrakı illərdə başlayıb və İran-İraq müharibəsi dövründə müxtəlif məsul vəzifələr daşıyıb.

O, Gilanın 16-cı "Qüds" diviziyasının komandiri, SEPAH Quru Qoşunlarının qərargah rəisi, SEPAH Qərargah İnspeksiyasının rəhbəri və SEPAH Hərbi Hava Qüvvələri komandanının müavini vəzifələrində çalışıb.

Daha sonra Hüquq-Mühafizə Qüvvələrində bir neçə vəzifə tutub, o cümlədən Əlaqələndirmə üzrə müavin və Qüvvələrin komandan müavini olub.


Abdullahi ölkənin mülki idarəçiliyində də təcrübəyə malikdir; müxtəlif dövrlərdə Semnan və Gilan vilayətlərinin qubernatoru, eləcə də daxili işlər nazirinin Təhlükəsizlik və Hüquq-Mühafizə məsələləri üzrə müavini vəzifələrində çalışıb.

Silahlı Qüvvələrin strukturuna qayıtdıqdan sonra Baş Qərargahda Təchizat, Dəstək və Sənaye Tədqiqatları üzrə müavin və Baş Qərargahın Əlaqələndirmə üzrə müavini kimi vəzifələri icra edib.

2025-ci ildə təyin edildiyi "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandirliyi Abdullahinin son illərdəki mühüm vəzifələrindən biri olub.

O, Mahmud Əhmədinejadın prezidentliyi dövründə (2005-2013) qubernator və nazir müavini vəzifələrində çalışıb.

Genral Əli Abdullahinin adı ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalaşdırılan iralkı vəzifəli şəxslər siyahısına salınıb.

O, 2022-ci ildə beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi iştirak edib. Konfransda Abdullahi ABŞ-ı "Böyük Şeytan" adlandırıb və Amerika totalitarizminin və təktərəfliliyin qlobal təhlükəsizliyi təhdid etdiyini bildirib. General konfransda həmçinin amerikalıların böhran, sanksiyalar və müharibələr yaratdığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada