“Krediti mən götürmüşəm, dostum ödəyir” deyənlərə XƏBƏRDARLIQ: Məsuliyyət kimdədir?

“Krediti mən götürmüşəm, dostum ödəyir” deyənlərə XƏBƏRDARLIQ: Məsuliyyət kimdədir?
13:27

Təcrübədə tez-tez rast gəlinən hallardan biri də vətəndaşların yaxın qohumu, dostu və ya iş yoldaşı üçün öz adına kredit rəsmiləşdirməsidir. İlkin mərhələdə bu addım humanist bir kömək kimi görünsə də, sonradan ciddi maliyyə və hüquqi problemlərə yol açır.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, kredit kimin adına rəsmiləşdirilibsə, bank qarşısında tam məsuliyyəti də həmin şəxs daşıyır:

“Krediti sizin götürüb başqasına verməyiniz, yaxud faktiki ödənişi həmin şəxsin etməsi bank üçün heç bir hüquqi əsas yaratmır. Ödəniş gecikdikdə bütün xəbərdarlıqlar, tələblər və hüquqi addımlar birbaşa müqavilədə imzası olan şəxsə yönəldilir. 'Krediti mən götürmüşəm, amma dostum ödəyir' yanaşması sizi borc öhdəliyindən azad etmir.”

Banklar bu halı aşkar edərsə nə baş verir?

Ekspertin sözlərinə görə, banklar kredit verərkən vəsaitin kimin ehtiyacı üçün götürüldüyünü dəqiqləşdirə bilərlər. Əgər məbləğin üçüncü şəxs tərəfindən istifadə olunacağı bəlli olarsa, bank kredit verməkdən imtina edə bilər. Lakin müraciət edən şəxs öhdəliyi tam öz üzərinə götürəcəyini bəyan edərsə, müqavilə bağlanılır. Eyni qayda ilə müqaviləyə qol çəkən zaminlər də qanun çərçivəsində məsuliyyət bölüşürlər.

Gələcək kredit imkanlarınız risqə girir

Başqası üçün götürülən kreditin ən böyük təhlükələrindən biri də kredit tarixçəsinin (MKB) korlanmasıdır. Puldan istifadə edən şəxs işini itirdikdə və ya maliyyə sıxıntısı yaşadıqda ödənişləri axsadacaq. Nəticədə:

  • Yaranan gecikmələr birbaşa sizin kredit tarixçənizdə neqativ hall kimi qeyd olunacaq.

  • Gələcəkdə özünüzün təcili pul ehtiyacınız yarandıqda, banklar sizə kredit verməkdən imtina edəcək.

Emin Kərimov vurğulayır ki, istər başqasının adına kredit götürmək, istərsə də zamin durmaq gələcək üçün ciddi maliyyə tələsidir. Başqasına edilən bir anlıq yaxşılıq, illərlə davam edən hüquqi və maddi problemlərə çevrilə bilər.


Sizin reklam burada
Sizin reklam burada