Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında Azərbaycan cəmiyyətinin düşüncə tərzi, tarixə münasibəti, dini dünyagörüşü və gələcək hədəfləri ilə bağlı geniş fikir yazısı paylaşıb.
Deputat qeyd edib ki, cəmiyyətin bir hissəsi tarixdən və dindən “nağıl”, digər hissəsi isə materialist yanaşmadan “noğul” gözləyir, lakin ən çox ehtiyac duyulan “ağıl”dır.
“Nağıl istəyənə nağıl, noğul istəyənə noğul, ağıl istəyənə ağıl!” – deyə Fazil Mustafa vurğulayıb.
Onun sözlərinə görə, ağıl istəmək düşünmək, zaman keçdikcə öz fikirlərini təftiş etmək və keçmişlə müasir dövrü sağlam məntiqlə müqayisə etmək deməkdir.
Deputat bildirib ki, Azərbaycan cəmiyyəti “nağıldan ağıla keçidin sancılarını” hələ də yaşayır:
“Biz nağıldan ağıla keçidin sancılarını hələ də yaşamaqdayıq! Bizim işimiz Nağılsevər və Noğulsevər azərbaycanlılara Ağılsevər azərbaycanlı olmanın faydasına inandırmaqdan başqa bir şey deyil”.
Fazil Mustafa Azərbaycan xalqının tarixi inkişafına da toxunaraq bildirib ki, xalqın XIX əsrin əvvəllərindən etibarən iki fərqli siyasi rejimin təsiri altında yaşaması yalnız ərazi parçalanmasına deyil, eyni zamanda “əqli, zehni və mental parçalanmaya” səbəb olub.
Deputatın fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılması xalqın “tarixi xalq” olmaq yolunda keçdiyi mühüm mərhələlərdən biri olub.
“Biz tariximizi, indimizi, gələcəyimizi indi daha rahat və kompleksiz şəkildə düşünə bilərik. Yeniləşməyə açıq olmaq qətiyyən faydalı tarixdən imtina deyil, sadəcə qaranlıq keçmişdən uzaqlaşmaqdır”, – deyə o bildirib.
Fazil Mustafa Şərq və Qərbin tarixi inkişaf yollarını müqayisə edərək düşüncə azadlığı və sekulyar sistemin cəmiyyətlərin dəyişməsində mühüm rol oynadığını qeyd edib.
O, həmçinin Azərbaycan cəmiyyətində müxtəlif ideoloji və sosial qrupların “qoruyucu” mövqeyə çəkilməsini tənqid edib:
“Bu məmləkətdə hər kəs bir sahənin və ya bir kimliyin qoruyucusudur: kimi dinin, kimi dilin, kimi Quranın, kimi hədisin, kimi sünniliyin, kimi şiəliyin, kimi Darvinin, kimi Füzulinin, kimi Səməd Vurğunun, kimi iqtidarın, kimi müxalifətin...”
Deputatın sözlərinə görə, hər şeyi qorumağa çalışan cəmiyyətdə düşüncə və hərəkət imkanları məhdudlaşır.
“Qorumaq da zəruri davranışdır, ancaq hamının qoruyucuya çevrildiyi bir məmləkətdə hərəkət olmur, düşüncə olmur”, – Fazil Mustafa yazıb.
O, Azərbaycan cəmiyyətinin gələcəklə bağlı sistemli düşüncəyə ehtiyac duyduğunu vurğulayıb:
“Məni statistik mənada maraqlandırmır ki, hansısa sahədə Azərbaycan dünyada neçənci yerdədir. Maraqlandıran və düşündürən bir şey var: Azərbaycan yerdədir və onu qaldırıb hərəkətə gətirmək lazımdır!”
Fazil Mustafa yazısında dini və tarixi şüurun da tənqidi düşüncə baxımından yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.
“Fikir, düşüncə və yaradıcılıq mənasında geriliyimizin səbəblərini illərdir araşdırdığımızda iki başlıca amilin təsiredici izlərini görürük: yanlış din şüuru və yanlış tarix şüuru”, – deyə deputat qeyd edib.
O, son olaraq bildirib ki, cəmiyyətin inkişafı üçün tənqidi təfəkkürə, düşüncə azadlığına və gələcəyə yönəlmiş baxışa ehtiyac var.
Fazil Mustafa fikirlərini Azərbaycan cəmiyyətinin qarşısında duran əsas məsələnin keçmişi təkrarlamaq deyil, gələcəyi düşünərək hərəkətə keçmək olduğunu vurğulamaqla yekunlaşdırıb.