Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə akkreditə olunmuş ərəb ölkələrinin səfirləri ilə İrəvanla Bakı arasındakı sülh prosesini və regional kommunikasiyaların açılması perspektivlərini müzakirə edib.
News365.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistan hakimiyyətinin siyasi və iqtisadi əlaqələrin inkişafı ilə bağlı yeni təşəbbüslərdə maraqlı olduğunu bildirib.
Baş nazir Ermənistanla ərəb dünyası arasında uzunmüddətli tarixi və mədəni əlaqələrin olduğunu da qeyd edib.
Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar, həmçinin regionda infrastrukturun blokdan çıxarılması istiqamətində atılacaq addımlar müzakirə olunub.
Tərəflər, həmçinin TRIPP layihəsinin həyata keçirilməsi məsələsinə toxunublar.
Bundan əlavə, görüşdə oktyabrın 18-30-da İrəvanda keçiriləcək COP17 iqlim sammitinə hazırlıqla bağlı məsələlər müzakirə edilib.