Azərbaycanın siyasi və diplomatik fəaliyyətində yeni mərhələ müşahidə olunur. Ölkənin Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə genişlənir və bu əməkdaşlıq təkcə diplomatik münasibətlərin inkişafı deyil, həm də regionlar üçün yeni imkanların formalaşması baxımından əhəmiyyət daşıyır.
Əməkdar jurnalist Bəturə Nəbiyeva bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında nəqliyyat və tranzit imkanlarının artırılmasına şərait yaradır.

Onun sözlərinə görə, qlobal enerji layihələrinin birgə həyata keçirilməsi də regionun iqtisadi potensialının yüksəlməsində mühüm rol oynayır. Bu proses həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiya ölkələrində daha davamlı sabitlik mühitinin formalaşmasına təsir göstərə bilər.
Bəturə Nəbiyeva qeyd edib ki, Azərbaycanın inkişaf modeli, dövlətçilik təcrübəsi və regional əməkdaşlıq imkanları Mərkəzi Asiya ölkələri üçün mühüm nümunə təşkil edir. O vurğulayıb ki, Azərbaycan bu mövqeyə milli maraqlara əsaslanan müstəqil siyasəti, iqtisadi potensialı və regional əməkdaşlıqda etibarlı tərəfdaş kimi formalaşması nəticəsində gəlib.
Əməkdar jurnalist Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət Başçıları arasında əməkdaşlıq formatında sədr seçilməsini də mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarı ölkənin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən amillərdən biridir.
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yeni bir uğur hekayəsinin başlanğıcını formalaşdıra bilər. Xalqlar arasında inteqrasiya daha da sürətlənəcək, regionlararası əlaqələr genişlənəcək, bölgəyə yeni dinamika gələcək. Orta Dəhliz, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələr mövcud əməkdaşlıq imkanlarını daha da artıracaq”, – deyə Bəturə Nəbiyeva bildirib.
O əlavə edib ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz çərçivəsində deyil, Mərkəzi Asiya ilə birləşən daha geniş geosiyasi və iqtisadi məkanda da mühüm rol oynayır.
“Bakıdan uzanan əməkdaşlıq yolları regionları bir-birinə yaxınlaşdırır, Azərbaycanın sözünü və rolunu daha da görünən edir. Bir sözlə, liderlik taleyimizə çevrilir”, – deyə Əməkdar jurnalist fikirlərini yekunlaşdırıb.