“Həmsədrlər dialoq masasında obyektiv yanaşma sərgiləməkdən çəkinirdilər” - Nigar Məmmədova

“Həmsədrlər dialoq masasında obyektiv yanaşma sərgiləməkdən çəkinirdilər” - Nigar Məmmədova
14:26

ATƏT-in rəsmi olaraq Minsk prosesini tamamilə ləğv etməsi Azərbaycanın növbəti uğurudur. Bu, qalib ölkə kimi Azərbaycanın əsas şərtlərindən biri idi. Əslində, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını etiraf edib. Cənab Prezidentin söylədiyi kimi, “əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir”.

Məlumdur ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək məqsədilə yaradılmışdı. Təəssüflər olsun ki, 30 illik işğal dövründə Azərbaycana qarşı ikili standartlar siyasəti həyata keçirildi, bütün beynəlxalq prinsiplər kobud şəkildə pozuldu. ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətsizliklə, əksər hallarda da işğalçıya və separatçılığa açıq dəstək verməklə regionda “status-kvo”nun qorunub saxlanmasına şərait yaratdı. Halbuki bəzi həmsədrlər etiraf edirdi ki, münaqişənin həlli yalnız hərbi yolla mümkündür. Lakin bu etiraflar həmsədrlik postunu tərk etdikdən sonra eşidilirdi. Vasitəçilər dialoq masasında obyektiv yanaşma sərgiləməkdən çəkinirdilər.

Azərbaycan 30 ilə yaxın həm işğalla, həm də beynəlxalq səviyyədə ikili standartlarla mübarizə apardı. Nəhayət, 2020-ci ildə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi. Beləliklə də yarıtmaz Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac yox idi. 44 günlük müharibədən sonra Minsk Qrupu de-fakto fəaliyyətsiz idi.

Bu ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladı. Beləliklə də proses məntiqi sonluğa çatdı. Bu, Azərbaycanın növbəti diplomatik üstünlüyüdür. Hesab edirəm ki, Minsk Qrupunun rəsmi ləğvi sülh prosesinə müsbət təsir edəcək. Belə ki, artıq Ermənistan da anlayır ki, region ölkələri öz məsələsini özləri həll etməlidir.

Milli Məclisin deputatı Nigar Məmmədova


Sizin reklam burada
Sizin reklam burada