"Hindistan dil, din və etnik müxtəliflik baxımından dünyanın ən mürəkkəb və çoxşaxəli ölkələrindən biridir. Geniş yayılmış təsəvvürün əksinə olaraq, bu ölkədə vahid “hindli” kimliyi yoxdur. Hindistan Konstitusiyası 22 rəsmi dili tanıyır, real vəziyyətdə isə ölkə ərazisində 400-dən artıq dil və ləhcə istifadə olunur. Bu fakt Hindistan cəmiyyətinin nə qədər çoxqatlı və heterogen olduğunu açıq şəkildə göstərir."
Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib.
Xüsusilə islamofob siyasəti ilə tanınan Modi hökuməti son dövrlər dünyanın beşinci ən böyük dini olan siqhizmə mənsub icmaya qarşı sərt tədbirlər görməkdə ittiham olunur. Bu təzyiqlər yalnız ölkə daxilində deyil, Hindistan hüdudlarından kənarda da müşahidə edilir. Siqh fəalların xaricdə təqib olunması və hətta sui-qəsdlərə məruz qalması beynəlxalq rezonans doğurub. 2023-cü ildə Kanadada siqh lider Hardeep Singh Nijjarın qətlə yetirilməsi bu baxımdan dönüş nöqtəsi oldu.
Xalistan Hərəkatı siqhlər üçün müstəqil dövlətin yaradılmasını tələb edir. Dehli bu hərəkatı separatçılıq kimi təqdim etsə də, tərəfdarları onun beynəlxalq hüququn əsas prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslandığını bildirir. Hərəkat yeni deyil və onilliklərdir mövcuddur.
Tarixi baxımdan problemin kökü Britaniya müstəmləkəçiliyinin son dövrünə gedib çıxır. Böyük Britaniya regiondan çəkilərkən müsəlmanlar üçün Pakistanın, hinduslar üçün Hindistanın yaradılmasına şərait yaratsa da, siqhlərə ayrıca dövlət qurmaq imkanı verilməyib. Bu da Xalistan ideyasının formalaşmasının əsas səbəblərindən biri hesab olunur. 1980-ci illərdə Pəncab əyalətində hərəkatın genişlənməsi Hindistan ordusunun sərt hərbi əməliyyatları ilə nəticələnib. Nəticədə minlərlə siqh ölkəni tərk edərək Kanada, ABŞ, Böyük Britaniya və Avstraliyaya köçüb.
Hazırda Xalistan ideyası əsasən diaspor müstəvisində aktiv şəkildə təbliğ olunur. Xaricdə yaşayan siqhlər referendum təşəbbüsləri ilə çıxış edir, Modi hökuməti isə bu çağırışlara repressiya və təzyiqlərlə cavab verir. Kanada ilə Hindistan arasında 2023-cü ildən bəri davam edən diplomatik gərginlik də məhz bu kontekstdə yaranıb.
Bu proseslər Azərbaycanın da diqqətindən kənarda qalmamalıdır. Çünki Hindistan son illər Ermənistanı silahlandıran və regionda hərbi balansı pozan ölkələrdən biri kimi çıxış edir. Bu fonnda Bakının Dehlinin regional siyasətinə adekvat cavab mexanizmləri formalaşdırması zəruridir. Ekspertlərin fikrincə, Azərbaycan Siqh diasporu ilə əlaqələrin qurulması, hətta Bakı Təşəbbüs Qrupu çərçivəsində bu mövzuya dair ayrıca platformanın yaradılması imkanlarını nəzərdən keçirə bilər.
Belə bir addım həm informasiya müharibəsində, həm də beynəlxalq siyasi balansın formalaşmasında Azərbaycanın mövqelərini gücləndirə bilər."