Bakı sakini Nigar Güləhmədova paytaxtda fəaliyyət göstərən “By Məhsəti” adlı gözəllik salonunun xidmətindən narazılıq edir və ödəniş etdiyi məbləğin geri qaytarılmadığını bildirir.
News365.az xəbər verir ki, şikayətçi həm Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, həm də Azad İstehlakçılar Birliyinə müraciət edib.
Güləhmədovanın sözlərinə görə, o, oktyabrın 22-də Şamil Əzizbəyli küçəsi, 104 ünvanında yerləşən “Jalə Plaza” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “By Məhsəti” salonunda bədən şəkilləndirmə prosedurları üçün müraciət edib. Salonu sosial şəbəkədə yayımlanan reklamlardan tanıdığını deyən şikayətçi ona endirimli və yüksək nəticə vəd olunduğunu bildirib.
Sənətçi Məhsəti adlı şəxsin məsləhəti ilə daha geniş xidmət paketini seçən Nigar Güləhmədova 200 manatlıq xidmətə razılıq verib və ilkin olaraq 100 manat ödəniş edib. Lakin qeydiyyat və prosedur üçün salon tərəfindən heç bir geri dönüş olmayıb.
Şikayətçinin sözlərinə görə, o, xidmətdən imtina edərək ödənişinin geri qaytarılmasını tələb etsə də, salondan “pul geri qaytarılmır, istədiyiniz vaxt gəlib prosedurlardan istifadə edə bilərsiniz” cavabı alıb. Daha sonra menecerin geri dönüş edəcəyi bildirilsə də, heç bir əlaqə qurulmayıb. Salonun Instagram səhifəsi və WhatsApp nömrəsi də deaktiv edilib.
Şikayətçi məsələ ilə bağlı 27 oktyabr 2025-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdiyini, qurumun əməkdaşı Nərmin Başirovanın araşdırma apardığını və eyni salondan çoxsaylı şikayətlər daxil olduğuna görə prosesin 30+30 gün uzadıldığını bildirib.
Güləhmədova istehlakçı hüquqlarının pozulduğunu deyərək, salona ödədiyi 100 manatın geri qaytarılmasını, həmçinin salon barədə müvafiq qurumların və media vasitələrinin məlumatlandırılmasını tələb edir.