ABŞ səfirinin zarafatı İslandiyada narazılıq yaratdı – Petisiya başladı

ABŞ səfirinin zarafatı İslandiyada narazılıq yaratdı – Petisiya başladı
17:46

ABŞ-ın İslandiyadakı yeni səfiri Billi Lonq Skandinaviya ada ölkəsində etirazlara səbəb olub. 

News365.az xəbər verir ki, məlumatı “Le Figaro” “Politico”ya istinadla yayıb.

“Politico”nun yazdığına görə, Missuri ştatının keçmiş konqresmeni olan Lonq, Nümayəndələr Palatasında çıxışı zamanı İslandiyanın ABŞ-ın 52-ci ştatına çevriləcəyini və bu ölkənin qubernatoru ola biləcəyini zarafatla dilə gətirib. Səfirin bu ifadəsi İslandiya ictimaiyyətində qəzəb doğurub.

İslandiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, məsələni dəqiqləşdirmək üçün ABŞ səfirliyi ilə əlaqə saxlanılıb.

İctimai qınaq daha da gücləndikdən sonra səfirin təyinatının geri çağırılması üçün petisiya başladılıb. Dörd mindən çox insanın imzaladığı müraciətdə deyilir:

“Billi Lonqun sözləri azadlıq uğrunda mübarizə aparan və hər zaman ABŞ-ın yaxın dostu olan İslandiya xalqına qarşı hörmətsizlikdir. Xarici işlər naziri Katrin Qunnarsdottir Lonqun səfir təyinatını rədd etməli, yerinə İslandiyaya hörmət göstərəcək bir diplomat seçilməlidir”.

Hadisə, Donald Trampın Qrenlandiyanı ABŞ-ın 51-ci ştatına çevirmək planları ilə bağlı gərginliklərin yenidən gündəmə gəlməsi fonunda baş verib.

Lonq isə “Arctic Today” portalına müsahibəsində bunun sadəcə zarafat olduğunu iddia edib:

“Üç ildir görmədiyim dostlarla idim. Onlar Qrenlandiyanın guya qubernatoru haqda zarafat edirdilər. Mən də həmin ab-havada danışdım. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”.


Sizin reklam burada
Sizin reklam burada