“İranın taleyini tarix boyu Azərbaycan türkləri müəyyən edib” - Mehman İsmayılov

“İranın taleyini tarix boyu Azərbaycan türkləri müəyyən edib” - Mehman İsmayılov
16:22

İranın siyasi taleyinin formalaşmasında əsas rol oynayan toplum tarix boyu Azərbaycan türkləri olub.

Bu fikirləri politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran tarixində baş vermiş əsas siyasi hərəkatların öncülləri məhz Azərbaycan türkləri olub:

“1908–1911-ci illər Məşrutə hərəkatı, 1945–1946-cı illər Milli Hökumət dövrü və nəhayət 1978–1979-cu illər inqilabı — bütün bu proseslərin aparıcı qüvvəsi Azərbaycan türkləri idi. Min ildən artıqdır ki, İranın taleyini azərbaycanlılar müəyyənləşdirib.”

Politoloq bildirib ki, rəsmi Tehranın Azərbaycan türklərinə münasibətdə İranı “bütöv dövlətin mərkəzi” kimi təqdim etməsi tarixi reallıqlarla uzlaşmır:

“İranın Azərbaycan dünyasının bir parçası olduğunu demək daha doğrudur. İranın bizi özünün parçası kimi görməsi yanlış yanaşmadır.”

Mehman İsmayılov qeyd edib ki, hazırda Güney Azərbaycanda baş verən etirazlarda Azərbaycan türklərinin nisbətən passiv mövqe tutmasının əsas səbəbi tarixi təcrübələrdir. Onun fikrincə, Azərbaycan türkləri bir əsr ərzində üç dəfə milli hərəkatların nəticələrindən ciddi zərər görüblər.

Politoloq 1978–1979-cu illər hadisələrinə də toxunaraq bildirib ki, həmin dövrdə Azərbaycan türklərinin milli azadlıq hərəkatı kənar güclərin müdaxiləsi ilə islamçı inqilab kimi təqdim olunub:

“Milli hərəkat Fransa başda olmaqla xarici güclərin təsiri ilə başqa istiqamətə yönəldildi. Ayətullah Xomeyni bu çərçivədə ön plana çıxarıldı və onun lider kimi qəbul olunmasında Azərbaycanlı din xadimlərinin də rolu oldu.”

İsmayılovun sözlərinə görə, hazırkı İran hakimiyyəti Azərbaycan türklərindən ciddi şəkildə ehtiyat edir və məhz buna görə Təbriz, Ərdəbil və digər azərbaycanlıların sıx yaşadığı bölgələrdə xüsusi təhlükəsizlik rejimi tətbiq olunur:

“İran rejimi Azərbaycan türklərindən çin atəşindən qorxan kimi qorxur. Lazım gəldikdə həmin bölgələrdə fövqəladə və hərbi vəziyyət elan etməyə hazırdır.”

Politoloq əlavə edib ki, Güney Azərbaycan türklərinin hazırda kütləvi etirazlara qoşulmamasının digər səbəbi də İran rəhbərliyində Azərbaycan türklərinin təmsil olunması faktorudur. Onun fikrincə, hazırkı prezidentin Azərbaycan türkü olması və praqmatik siyasət aparması bu ehtiyatlı mövqeyə təsir göstərir.

“Azərbaycan türkləri indiki mərhələdə İran rəhbərliyində praqmatik siyasətçi gördükləri üçün açıq qarşıdurmadan çəkinirlər.”


Sizin reklam burada
Sizin reklam burada