Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər

Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər
30 Mar 2025 11:37

Gürcüstanın müsəlmanlar yaşayan bütün bölgələrində Ramazan bayramı qeyd olunur.

Ölkədə müsəlman icmaları əsasən Acariya, Kaxeti, Kvemo Kartli, Samtsxe-Cavaxeti və Tbilisidə cəmləşib. Acarıstan – Batumi və digər şəhərlərdə müsəlmanlar məscidlərdə bayram namazı qılır, ailələrə baş çəkir və ehtiyacı olanlara yardım edirlər. Geniş müsəlman icmasının olduğu Kvemo Kartli – Marneuli, Bolnisi və Dmanisi rayonlarında da bayram namazı qılınır, insanlar bir-birlərini təbrik edirlər. Tbilisi – Paytaxtda yaşayan müsəlmanlar əsasən mərkəzi məsciddə toplaşır və bayram namazı qılırlar.

Səhər saat 07:40-da Batuminin mərkəzi məscidində də bayram namazı qılınıb. Məscidin bayram günlərində ibadət etmək istəyənləri tam qəbul edə bilməməsi səbəbindən bəzi dindarlar namazı ibadət ocağının yaxınlığındakı küçədə qılıblar. Digər bir qrup müsəlman isə Batumda yeni məscid tikintisi tələb etdikləri ərazidə toplaşıb.

Gürcüstanın müftisi Adam Şantadze bayram xütbəsində birliyin, qarşılıqlı anlaşmanın və bağışlamağın vacibliyini vurğulayıb:

“Bu gün hava kimi bizə birlik, qarşılıqlı anlayış və bağışlamaq lazımdır. Bizim əsas vəzifəmiz dini və milli dəyərlərimizi eyni anda qorumaqdır”.

Batumun mərkəzi məscidində müsəlmanları bayram münasibətilə Acariya hökumətinin sədri və muxtar respublikanın digər rəsmi şəxsləri də təbrik ediblər.

Bayram münasibətilə martın 30-da Batumidə şəhər avtobusları sərnişinlərə pulsuz xidmət göstərəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti bayram münasibətilə müsəlman icmasına təbriklər ünvanlayıb, Baş nazir İrakli Kobaxidze ölkədə yaşayan müsəlmanlar üçün iftar mərasimi təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada