“Hökumət,
deyəsən, qərar verib ki, insanların, biznesin, sahibkarların pozitiv gözləntilərinin
əksinə olan nə varsa, həmin addımları atsın. Uzun zamandır müzakirə olunurdu
ki, Azərbaycanda Gömrük Komitəsinin ayrıca, müstəqil, özü də rütbəli məmurlardan
ibarət olan qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Çoxdan təklif var ki, Komitə
ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, həbri rütbələr ləğv
edilsin, Gömrük gözə görünməz, iş adamlarına mane olmayan, nazirliklərin
birinin tərkibində departament kimi fəaliyyət göstərsin, bir çox səlahiyyətləri
azaldılsın”.
News365.az xəbər verir
ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O. bildirib
ki, bəzi hökuməti dəstəkləyən deputatlar da bu təklifə isti baxdıqlarını publik
çıxışlarında söyləyirdilər:
“Amma və
lakin Gömrük komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir –
Komitə bundan sonra iş adamlarına ölkədən çıxışa “stop” qoya biləcək, “brokerlər”
anlayışını rəsmiləşdirərək, adını "dolayı gömrük təmsilçiliyi"
qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq, Gömrük Komitəsi kimi
istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və fəaliyyətləri
Gömrük komitəsinin iki dodağı arasından keçəcək.
Azərbaycan
Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi,
bu maddənin Dövlət tərəfindən qorunması öhdəliyi var. Zatən 5 ildir quru sərhədləri
bağlı saxlayıblar, zatən bir neçə dövlət-hökumət qurumuna Ana Yasada təsbit
olunan hüququn məhdudlaşdırma səlahiyyəti tanıyıblar, indi də belə bir “stop”
düyməsini Gömrük Komitəsinə verirlər – olmaz belə, Vallah olmaz...”
News365.az