“Qlobal geosiyasi dəyişikliklər Azərbaycanın iqtisadi mənzərəsinə çoxşaxəli təsir göstərib.”
Bu barədə News365.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova danışıb. Onun sözlərinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda baş verən geosiyasi proseslər Azərbaycanın ticarət münasibətlərinə və bazar sabitliyinə birbaşa təsir edib.
“Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqlar ölkəmizin xarici ticarət dövriyyəsinə dəyişikliklər gətirdi. Azərbaycanın bu bölgədə əsas ticarət tərəfdaşı Rusiyadır. Biz bu ölkədən əsasən buğda, taxıl məhsulları və gübrə idxal edirik. Münaqişə və geosiyasi qeyri-sabitlik isə bu məhsulların bazarında qıtlıq və qiymət artımı ilə nəticələnir,” – deyə o bildirib.
İqtisadçı əlavə edib ki, bəzi strateji məhsullar üzrə qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən tənzimləyici addımlar atılır: “Məsələn, un bazarında qiymət artımının qarşısı alınır, kənd təsərrüfatı sahəsinə subsidiyalar və dövlət dəstəyi göstərilir. Gübrələrin güzəştli şərtlərlə satışı təmin olunur.”
Günay Hüseynovanın fikrincə, bir məhsulun müxtəlif ölkələr tərəfindən istehsal olunması, qlobal ticarət zəncirində alternativ yolların aktuallaşmasına səbəb olub və Azərbaycan da bu imkanlardan yararlanmağa çalışır.