Rusiyanın
müxtəlif dairələrində ölkəmizlə münasibətlərdəki gərginliyin Azərbaycanın
iqtisadi durumuna, ələxsus da ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia
edilir. Maraqlıdır, onlar doğurdan anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində
qazanan tərəf məhz Rusiyadır?
Biz ötən il
Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan
3,6 milyard dollarlıq məhsul idxal etmişik. Nəticədə Azərbaycan üçün Rusiya ilə
ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni Rusiya bu münasibətlərdən
2,4 milyard dollarlıq müsbət saldo əldə edib.
2025-ci ilin
ilk 6 ayının rəqəmləri də göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1%
artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20%
artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni hər il, hər hesabat dövründə mənzərə
eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya
olur.
Niyə Donald
Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi
saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki, o bilir ki, müsbət ticarət
saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək
verən” ölkədir. Yəni ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir.
Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil.
Eldəniz Əmirov, iqtisadçı ekspert