Donetskdə üç kəndin azad olunması: Lokal uğur, yoxsa strateji dönüş?- Politoloqdan şərh

Donetskdə üç kəndin azad olunması: Lokal uğur, yoxsa strateji dönüş?- Politoloqdan şərh
14:40

Ukrayna ordusunun Donetsk vilayətində Mixaylovka, Zeleniy Qay və Vladimirovkanı nəzarətə götürməsi Kiyevin son günlərdə əldə etdiyi mühüm uğurlardan biri hesab olunur.

News365.az xəbər verir ki, bu hadisə hərbi əməliyyatlarda psixoloji üstünlük qazandırsa da, mütəxəssislər bunu böyük strateji dönüş nöqtəsi kimi qiymətləndirmir.

Politoloq Züriyə Qarayeva bildirib ki, üç kəndin azad olunması Ukraynanın döyüş ruhunu gücləndirsə də, əməliyyatın lokal xarakter daşıdığı açıq şəkildə görünür:

“Bu, Rusiyanın müdafiə xəttində boşluqların mövcudluğunu göstərir və beynəlxalq ictimaiyyətə Ukraynanın döyüş qabiliyyətini qoruyub saxladığını nümayiş etdirir. Lakin hələ ki, genişmiqyaslı üstünlükdən danışmaq mümkün deyil”.

Ekspertin sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyətin ağır olması Moskvanın həmin bölgəyə xüsusi önəm verdiyini göstərir:
“Rusiya bu cəbhədə qüvvələrini cəmləşdirərək Ukraynanın irəliləyiş imkanlarını məhdudlaşdırmağa çalışır. Kreml burada mövqe savaşına üstünlük verir”.

Qarayeva əlavə edib ki, Ukraynanın dronlara, elektron müharibə vasitələrinə və əlavə sursata ehtiyacı müharibənin müasir reallıqları ilə bağlıdır:
“Dronlar və elektron texnologiyalar yaxın gələcəyin əsas həlledici faktorları olacaq. Ukraynanın Qərbdən dəstək tələbi də bununla bağlıdır”.

Politoloqun fikrincə, yaxın dövrdə cəbhədə mövqe döyüşlərinin davam etməsi ehtimalı böyükdür:
“Ukraynanın lokal uğurları motivasiya baxımından önəmlidir, lakin strateji dönüş yalnız Qərbdən ciddi resurs və texnoloji dəstək alındığı halda mümkündür. Rusiya isə Pokrovsk istiqamətində təzyiqi artıraraq üstünlüyü qorumağa çalışacaq”.


Sizin reklam burada
Sizin reklam burada