Cəlilabad rayon sakini, hərbi əlil Qamət İsmayılov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, ictimai-siyasi qurumlara, beynəlxalq təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən səfirliklərə açıq məktub ünvanlayıb.
News365.az-a daxil olan müraciətdə o, uzun illər dövlət vəzifələrini vicdanla yerinə yetirməsinə baxmayaraq, hüquqlarının bərpa olunmadığını, rəsmi qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirib.
İsmayılov qeyd edib ki, hələ uşaq vaxtı əlil olmasına baxmayaraq, könüllü olaraq hərbi xidmətə yollanıb və daxili qoşunlarda xidmət edərkən bir çox əməliyyatlarda iştirak edib:
“2000-2001-ci illərdə Şəki, Qax, Zaqatala, Balakən rayonlarında silahlı cinayətkarlara qarşı əməliyyatlarda iştirak etmişəm. Həmin dövrdə müxtəlif xəsarətlər alsam da, xidmətə davam etmişəm. Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşam. Dövlətçiliyimizin keşiyində durmuşam. Lakin bu gün nə mənəvi, nə də maddi qiymət verilmir”.
Onun sözlərinə görə, xidməti dövrdə aldığı xəsarətlərin sənədləşdirilməsi üçün illərdir müraciət etsə də, qarşısına müxtəlif maneələr çıxarılıb:
“DİN-in Daxili Qoşunlarının hospitalından sənədlərimi tələb etmişəm. Məndən rüşvət istənilib. Rüşvət vermədiyim üçün işim həll olunmayıb, sənədlərim itirilib. Halbuki həmin sənədlər hərbi təqaüd almağım və ev növbəsinə düşməyim üçün əsas ola bilərdi”.
Qamət İsmayılov bildirib ki, hazırda ailəsi ilə kirayədə yaşayır, 2 uşaq atasıdır və aldığı cüzi əlillik müavinəti ilə dolanmaqda çətinlik çəkir:
“Saxta əlillər bir çox imtiyazlardan yararlanır, mən isə həqiqi döyüşçü olduğum halda haqqımı ala bilmirəm. Bu haqsızlıq davam edərsə, məcbur olub vətəndaşlıqdan imtina edərək ailəmlə birlikdə xarici ölkələrdən sığınacaq istəmək məcburiyyətində qalacağam”.
O, məktubunda ölkə rəhbərliyindən və aidiyyəti qurumlardan problemin həllinə kömək göstərilməsini, rüşvətxorluq və süründürməçiliyə qarşı tədbirlərin görülməsini xahiş edib:
“Prezidentə və birinci xanıma sona qədər sadiqəm. Sadəcə istəyim odur ki, dövlətə xidmət edən, sağlamlığını itirən bir vətəndaş kimi hüquqlarım tanınsın”.
Qamət İsmayılov məktubunun sonunda Konstitusiyanın 57-ci maddəsinə əsasən, müraciətinə rəsmi cavab verilməsini tələb edib.