Bu gün Kəlbəcərdə tarixi hadisələr baş verdi. Prezident İlham Əliyev rayona səfər etdi, yeni yaşayış kompleksinin təməlini qoydu, arıçılıq məhsulları mağazasının açılışında iştirak etdi, Murovdağ tunelinin texniki açılışını etdi. Artıq Kəlbəcərə köç prosesi rəsmi şəkildə başladı, ilk ailələr doğma yurda qayıtdı.
Sahəsi 3054 kv.km olan Kəlbəcər Azərbaycanın ən böyük rayonu olub. Xankəndidən 104 dəfə, Şuşadan isə 554 dəfə böyük idi. Müqayisə üçün deyək ki, ən kiçik rayon olan Babəkdən 26 dəfə böyük olmuşdu. Bu gün ərazi ölçülərində dəyişiklik edilsə də, Kəlbəcərdə aparılan işlərin miqyası və çəkilən zəhmət digər bölgələrlə müqayisədə qat-qat artıqdır.
Rayonun relyefi çox mürəkkəb, iqlimi sərt, paytaxtdan məsafəsi isə uzaqdır. Buna görə burada infrastruktur yaratmaq, yaşayış məntəqələri inşa etmək, əhalini yerləşdirmək xüsusi səy və daha böyük əmək tələb edir.
Yollar və tunellər Kəlbəcəri ölkənin digər hissələri ilə birləşdirir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu, Murovdağ tuneli, Laçın yolu və gələcəkdə çəkiləcək dəmir yolu rayona fasiləsiz gediş-gəliş yaradacaq. Bu isə həm iqtisadi, həm də sosial baxımdan inkişafı daha da sürətləndirəcək.
Ən önəmli məqam isə budur ki, artıq Azərbaycan işğaldan azad olunmuş sonuncu rayona da öz vətəndaşlarını qaytardı.