“Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır” - Nigar Məmmədova

“Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır” - Nigar Məmmədova
14:54

1923-cü ildə şəhər statusu alan Laçın bu gün ən inkişaf etmiş dövrünü yaşayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın Şəhəri günü kimi müəyyən olunub.

30 ilə yaxın davam edən işğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 günlük Vətən müharibəsindən sonra isə düşmən buradan silah-sursatın daşınması üçün dəhliz kimi istifadə etdi və Azərbaycana qarşı “humanitar böhtan” kampaniyasına başlandı. Hətta Xankəndiyə təşkil edilən qanunsuz səfərlər də Laçın vasitəsilə edilirdi. Ermənilər ciddi-cəhdlə “dəhliz” adı ilə Laçının tam azad olunmasına mane olmağa çalışırdı. Amma Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi və prinsipiallığı Laçının azad olunmasını təmin etdi.

2023-cü ilin aprelində Laçın rayonunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu addım idi. Beləliklə, Azərbaycan öz sərhədlərinə nəzarət etməyə başladı. Laçına köç isə 2023-cü il mayın 28-də - Müstəqillik Günündə başladı. Həmin gün Cənab Prezident birinci qrup Laçın sakinlərinə yeni mənzillərin açarlarını təqdim etdi. Dövlət başçımız da bəyan etmişdi ki, “bu görüşü məhz 28 may tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün Müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.”

Builki Müstəqillik Gününün sevincini isə Azərbaycan qardaş ölkələr - Türkiyə və Pakistan liderləri ilə bölüşdü. Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin zirvə görüşündə çox vacib mesajlar verildi. Beləliklə, Laçın bu strateji görüşə ev sahibliyi etməklə həm də siyasi mərkəz kimi tarixə düşdü.

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır, burada əhalinin rifahı üçün hər cür şərait yaradılıb. Belə ki, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir.

Bu il istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artırır. Laçın Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.

Bu günə qədər Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu da yerli əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.

Böyük Qayıdış Proqramına əsasən Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Beləliklə, Laçın sakinləri 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və şəhər gününü qalib xalqın nümayəndələri kimi öz torpaqlarında qeyd edirlər.


Sizin reklam burada
Sizin reklam burada