Azərbaycanın
iki böyük mobil operatoru — Azercell və Bakcell eyni vaxtda, eyni şərtlərlə
yeni "Digimax" və "GO" adlı tarif paketləri istifadəyə
verib. Tariflərin dəqiqələri, internet trafiki, qiymətləri və hətta müddətləri
bir-birinin tam surətidir.
İctimai
müşahidələrə görə, bu vəziyyət təsadüf kimi izah oluna bilməz. Eyni tarixdə,
eyni məzmun və qiymətlə paketlərin istifadəyə verilməsi, operatorlar arasında
gizli sövdələşmə ehtimalını ciddi şəkildə gündəmə gətirir. Bu hal mobil rabitə
bazarında monopoliyanın mövcudluğunun açıq göstəricisidir.
Həm Azercell,
həm də Bakcell yeni tariflərdə “aylıq” anlayışını dəyişdirərək 30 gün əvəzinə
28 günlük müddət müəyyən edib. Bu, istifadəçilərin hər il daha çox pul ödəməsi
deməkdir. Paketlərin məzmunu dəyişməsə də, müddətin azaldılması ictimai
narazılığı artırıb.
Məlumata görə,
yeni tariflər tətbiq olunmazdan əvvəl Rabitə, İnformasiya və Yüksək
Texnologiyalar Nazirliyi ilə operatorlar arasında görüş keçirilib. Lakin bu
görüş vətəndaş üçün sərfəli nəticə verməyib — hər iki operator eyni vaxtda eyni
şərtlərlə yeni paketləri təqdim edib.
Azercell və
Bakcell-in eyni gündə, eyni məzmun və eyni qiymətlə tariflər tətbiq etməsi, Azərbaycanda
mobil rabitə bazarında rəqabətin formal xarakter daşıdığını və operatorlar
arasında koordinasiyalı qərarların qəbul edildiyini göstərir. Bu isə həm
istehlakçının maraqlarına ziddir, həm də bazarda monopolist yanaşmanın davam
etdiyini ortaya qoyur.
İlkin Məmmədkərimov, News365.az
QEYD: Qarşı tərəflərin mövqeyini verməyə
hazırıq.