Dünən axşam futbola baxıram, “Turan”la “Qəbələ” oynayır. Cari çempionatın açılış oyunudur, deyirəm, görüm, necə olacaq. Şərhçi ayağına top dəyən oyunçuların adlarını sadalayır: “Enrike Silva, Serrano, Hakman, Xorxe Silva, Hurtado, Rossi, Bruno Silva, Syerra” və s.
Matça baxmağa 10 dəqiqə gec başlamışam, heyətlərdən xəbərim yoxdur, amma tez-tez təkrarlanan Silva soyadı, eləcə də oynayanlar arasında biz azərbaycanlının adının çəkilməməsi üzündən “Qol.az” saytına daxil olur, “"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı” başlıqlı xəbərdə komandaların heyətləri ilə tanış oluram.
Məlum olur ki, “Qəbələ”nin meydançada top dalınca qaçan 11 oyunçusundan cəmi ikisi – qapıçı Səlahət Ağayev və müdafiəçi Eşqin Əhmədov azərbaycanlıdır, qalan hamısı əcnəbi legionerlərdir. “Turan”da isə nəinki Azərbaycan, heç Özbəkistan türkü də yoxdur.

Məşqçilər də əcnəbidir. Köməkçilərindən xəbərim yoxdur. Canni de Byazi kimi, onların da 7 köməkçisi öz həmvətənləridirsə, ta heç nə.
Bizimkilər isə dayanacaqda oturub avtobus gözləyən sərnişinlər kini ehtiyat oyunçular oturacağında oturub gözləyirlər.
İndi bu nədir? Bu, Azərbaycan çempionatıdır?
Ona qalsa, Yunanıstanın “Pafos” klubu bizim üçün daha millidir, çünki onun heyətində Murad Məmmədov adlı soydaşımız oynayır və qol da vurur. Eləcə də Mahir Əmrəliyə görə “Rakuv” klubu.
Kim nə deyir, desin, necə izah edir, etsin, bu, biabırçılıqdır. 22 oyunçudan cəmi ikisinin (o da biri qapıçı) yerli futbolçu olması ölkə futbolu adına rəzalətdir.
Tərs kimi, o biri klublar da bu gündədir. “Sabah”ın heyətində də meydana 10 əcnəbi futbolçu çıxır. Yenə “Qarabağ” Bədavi ilə Elvini heyətə salaraq tərkibi bir xeyli milliləşdirir, yoxsa lap rüsvayçılıq olardı.
Belə çıxır ki, Azərbaycan çempionatı əcnəbi futbolçular üçün iş, dolanışıq, pul qazanmaq yeridir. Gəlirlər, oynayırlar, yaxşı maaş alırlar, bir az şöhrət, bir az pul qazanandan sonra başqa ölkələrə gedirlər. Bizimkilər də oturub gözləyə-gözləyə yaşlanır, sonra da 3-5 manat pul qazanmaq üçün yeni yaradılan klublara keçirlər. Veteranlara ehtiyac olur axı.
Kimsə deyəcək ki, bu rəqabət məsələsidir, bizimkilər əcnəbi futbolçularla rəqabətə girə bilmirlər. Guya onlar pantera kimi qaçır, kenquru kimi tullanır, qazonda fok balığı kimi sürüşürlər, bizimkilər isə belə edə bilmirlər. Havayı söhbətdir. Onların da bir şey yediyi yoxdur.
Boy məsələsini deyənlər də var. Bizimkilər ortalama 1.70-1.75 sm boya malikdirsə, əcnəbilərin orta boyu 1.80-dir və bu, guya hava mübarizəsində üstünlük yaradır.
Boya qalsa, yaponiyalı və koreyalı futbolçularla afrikalı futbolçuların boyu arasında yarım metr fərq var, amma görüm, Uqanda millisi Yaponiya millisinə qalib gələ bilirmi? Boyun fərqi yoxdur, amma, rusca desək, “boy”un fərqi var. Kim yaxşı döyüşürsə, o qalib gəlir.
Tutaq ki, boyda, qaçmaqda, topa vəhşi kimi girməkdə bizim futbolçular əcnəbilərdən zəifdirlər, onda necə edək, yerli oyunçular göndərək evlərinə, sonra da gedək Afrikanın, Cənubi və Mərkəzi Amerikanın ölkələrinə caydaq və qaçağan oyunçu axtaraq?
Lap bunu da etdik, yerli çempionat bir az maraqlı oldu, amma bunun milli futbola nə faydası olacaq? Sabah dünya və Avropa çempionatlarının seçmə mərhələsinin oyunları başlayanda meydançaya mozambikli, qabonlu, seneqallı oyunçuları buraxacağıq?
O vaxt “nə edək, gedib Fransadan xalq gətirəkmi” kimi bir söhbət vardı, indi məlum olur ki, biz Afrikadan müəyyən bir sektorda çalışmaq üçün xalq gətirmişik.
Bu cür olmayacaq, nəsə başqa bir effektli tədbir görmək lazımdır. Deyirlər, meydana buraxılan əcnəbi oyunçular üçün say limiti tətbiq etmək düzgün deyil, əvvəl belə bir şey olub, sonra ləğv edilib. Elə etməyəndə də belə olur: meydança silvalar, santoslarla qaynaşır.
Söhbət yenə gəlib uşaq futboluna dirənəcək. Bunu illərdir deyirlər, yazırlar. Xeyri yoxdur. “Uşaqlar var, şərait yoxdur” mühiti davam edir. Baxırsan, komandaların aşağı yaş qruplarında minlərlə yerli uşaq məşq edir, yekələndə çoxu meydandan kənarda qalır, bir azı pul görür, qudurur, bir hissəsi də ehtiyat oyunçular skamyasında oturur.
Belə anlaşılır ki, biz futbolda artıq Fransaya çatmışıq – meydançaya qaradərili oyunçu buraxmaq sarıdan. İş ki belədir, o zaman heç olmasa əcnəbi futbolçuları milliləşdirək, milli komandamızda da oynasınlar. Bəlkə onda qələbə-filan qazanarıq. “Fransız Mbappe” ola bilirsə, “azərbaycanlı Hayderson Hurtado” da ola bilər. Bəd ayaqda “son”unu, “hurtado”sunu kəsər, belinə “Hayder” yazarıq.
Samir Sarı