"Ermənistanın Avropa İttifaqından xarici müdaxilələrin qarşısının alınması ilə bağlı yardım istəməsi romantik “demokratiya” çağırışı yox, real siyasi acziyyətin göstəricisidir."
Bunu politoloq Tural İsmayılov News365.az-a şərh edib.
"Bu müraciət faktiki olaraq İrəvanın öz daxili təhlükəsizlik və institusional dayanıqlıq imkanlarına inanmadığını ortaya qoyur. Uzun illər müxtəlif güc mərkəzləri arasında manevr edən Ermənistan heç vaxt tam müstəqil siyasi xətt formalaşdıra bilməyib. İndi isə bu ziddiyyətli siyasətin nəticələri daha açıq görünür. Rusiya ilə münasibətlərin soyuması fonunda yaranan boşluq Paşinyan hakimiyyətini yeni himayədar axtarışına çıxarıb. Avropa İttifaqına üz tutmaq Moskva qarşısında həm narazılıq, həm də sığorta mesajıdır. Lakin Aİ-nin təhlükəsizlik sahəsində real və sərt mexanizmlərə malik olmadığı hamıya bəllidir. Brüssel daha çox tövsiyə verən, monitorinq aparan və siyasi çərçivə quran aktordur. Bu isə Ermənistanın real təhlükəsizlik problemlərini həll etmir, sadəcə vaxt qazandırır. Əsas problem xarici müdaxilə deyil, daxildə legitimlik böhranıdır. Siyasi institutların zəifliyi və cəmiyyətlə hakimiyyət arasındakı uçurum bu riski artırır. Xarici təsirlər məhz belə boşluqlarda təsirli olur. Ermənistan səbəbi aradan qaldırmaq əvəzinə nəticə ilə mübarizə aparmağa çalışır. Bu yanaşma isə ölkəni müstəqilliyə yox, yeni asılılıqlara bir az da yaxınlaşdırır."