"Regionda uzunmüddətli sülhü istəməyən qüvvələr Ermənistanı silahlandırır"
Milli Məclisin deputatı Sevil Mikayılova News365.az-a açıqlamasında bildirib ki, bölgədə sülh prosesinə təhdid yaradan müəyyən qüvvələr hələ də fəaldır:
“Görünür ki, regionda uzunmüddətli sülhün bərqərar olmasını istəməyən qüvvələr var. Onlar Ermənistanı silahlandıraraq bu ölkənin daimi təhdid mənbəyi kimi qalmasına çalışırlar. Ermənistanın aqressiv dövlət obrazında saxlanılması bölgədə gərginliyin qorunub saxlanılmasına xidmət edir.”
Deputat qeyd edib ki, bu qüvvələr eyni zamanda regional əməkdaşlığa da təzyiq göstərməyə çalışırlar:
“Bəzən atəşkəsin pozulması – bəli, bu, böyük miqyaslı olmasa da – bölgədə gərginlik görüntüsü yaradılmasına xidmət edir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı da ikili yanaşmalar müşahidə olunur. Halbuki həmin qrupun özünü buraxması barədə qərar qəbul etməsi daha məntiqli olardı. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, bu təsisat hələ də fəaliyyətini davam etdirir.”
Sevil Mikayılova həmçinin Ermənistanın təkcə silahlandırılmadığını, eyni zamanda hərbi ittifaqlara cəlb edildiyini bildirib:
“Ermənistan və ABŞ arasında – Bayden administrasiyası dövründə – keçirilən yüksək səviyyəli hərbi dialoqun şahidi olduq. Bu, sülh danışıqlarının getdiyi bir vaxtda başa düşülməz haldır. Əgər regionda sülhdən danışırıqsa, onda müharibə ritorikasının hələ də hökm sürdüyü bir cəmiyyətdə bu cür addımların atılması suallar doğurur.”