“ABŞ Konqresində hər hansı bir qanunun qəbul olunması kifayət qədər mərhələli və uzun bir prosedurdur. Əvvəlcə məsələ müxtəlif komitə və qruplarda müzakirə olunur, daha sonra Senatın müvafiq orqanları həmin məsələ ilə bağlı rəy bildirir, ümumilikdə isə Konqresin yekun qərarı alınır. Bu qərarın qəbulundan sonra isə məsələ prezidentin təsdiqinə təqdim olunur. Qısası, proses nəinki mürəkkəb, həm də xeyli vaxt aparandır.”
Politoloq Turab Rzayev bu sözləri News365.az-a açıqlamasında deyib.
O qeyd edib ki, ABŞ-da bir qanunun qəbul edilməsi çətin olduğu kimi, onun ləğvi və ya dəyişdirilməsi də bir o qədər mürəkkəbdir:
“Misal üçün, 97-ci düzəliş çox rahat şəkildə qəbul olunmuşdu. 1990-cı illərdə ‘Dermen-Loqsov’ qərarı çərçivəsində bu düzəliş keçdi. Halbuki, son 30 ildə ABŞ-la strateji tərəfdaş olmuşuq. Biz İraq, Əfqanıstan, Bosniya kimi bölgələrdə ABŞ əsgərləri ilə birgə döyüşmüş, hava sahəmizi onlara açmışıq. Lakin bütün bu əməkdaşlığa baxmayaraq, həmin 97-ci düzəlişi bu günə qədər ləğv edə bilməmişik. Bu da göstərir ki, ABŞ-da qəbul olunmuş hər hansı bir qanunu geri çevirmək çox çətindir.”
Turab Rzayev əlavə edib ki, Rusiya əleyhinə mümkün yeni qərarların təsiri, əgər qəbul olunarsa, çox ağır ola bilər:
“Bu qərarın qəbul edilib-edilməyəcəyi hələ bəlli deyil. Ola bilər ki, layihə konqresdən keçməsin, müxalifət buna qarşı çıxsın, ya da lazımi səslər toplanmasın. Amma əgər qərar qəbul olunarsa, Rusiyaya qarşı sanksiyalar indiki İran rejiminə tətbiq olunanlardan da ağır ola bilər. Bu halda Rusiya maksimum şəkildə çalışacaq ki, sanksiyalardan yayınsın. Hətta müəyyən məsələlərdə ABŞ-la razılığa gəlməyə belə razı ola bilər.”