Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını "Qarabağ"da davam etdirmək istəyir.
Bu barədə "Teleqraf"a 30 yaşlı qolkiperin özü açıqlama verib.
O, Rusiya klublarından təklif almasına dair iddiaları təkzib edib: "Söz-söhbətlər çoxdur, amma mən "Qarabağ" klubunun oyunçusuyam".
Məhəmmədəliyev Ağdam təmsilçisindən ayrılmaq niyyətində olmadığını bildirib: "Burada uzun müddət qalmaq, komandaya fayda vermək istəyirəm. "Qarabağ"da hələ tamamlanmamış işlərim var".
Qeyd edək ki, 30 yaşlı "əlcək sahibi" 2023/2024 mövsümündə Türkiyənin "Adana Demirspor" komandasında çıxış etdikdən sonra ötən yay 1 illik müqavilə əsasında "Qarabağ"a transfer olunub.