Ermənistanda seçki nəticələri dəyişəcək?- Açıqlama

Ermənistanda seçki nəticələri dəyişəcək?- Açıqlama
15:57

"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ətrafında müzakirələr davam etsə də, yekun mənzərənin əhəmiyyətli dərəcədə dəyişəcəyi inandırıcı görünmür".

Bu fikri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirib.

Deputatın sözlərinə görə, müxtəlif ehtimallar və hesablamalar nəticəsində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının səs faizinin müəyyən qədər artması mümkündür. Lakin bu dəyişikliklər ümumi siyasi mənzərəyə ciddi təsir göstərməyəcək.

“Hazırkı nəticələr göstərir ki, müxalif qüvvələrin səslərinin birləşdirilməsi belə ümumi balansı dəyişmir. Ayrı-ayrı siyasi qüvvələr narazılıqlarını ifadə edir və bəzi səslərin düzgün hesablanmadığını iddia edirlər. Bu səbəbdən onların məhkəməyə müraciət etməsi hüquqi baxımdan normal prosedurdur”, – deyə deputat bildirib.

A.Allahverənov qeyd edib ki, seçki nəticələrinin tanınması ilə bağlı beynəlxalq mövqe də artıq formalaşıb və bu amil prosesə təsir göstərir.

Onun sözlərinə görə, səslərin yenidən hesablanması və ya müəyyən texniki düzəlişlər nəticəsində kiçik faiz dəyişiklikləri mümkün olsa da, bu, seçkinin yekun nəticələrini dəyişəcək səviyyədə deyil.

“1-2 faizlik fərqlər nəzəri baxımdan mümkündür. Lakin bu dəyişikliklərin ümumi nəticəyə həlledici təsir göstərəcəyi gözlənilmir. Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının açıqlayacağı yekun nəticələr hazırkı mənzərəni böyük ölçüdə təsdiqləyəcək”, – deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada