Erməni Apostol Kilsəsi uzun illərdir yalnız dini ibadət məkanı kimi deyil, həm də Ermənistan daxilində və xaricində revanşist ideologiyanın daşıyıcısı kimi çıxış edir.
Bu fikirləri politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, erməni kilsəsi "Böyük Ermənistan" ideyasının təbliğində, cəmiyyətə hərbi əhval-ruhiyyə aşılamaqda və gəncləri revanşist düşüncə ilə tərbiyə etməkdə mühüm rol oynayıb:
“Bu qurum uzun illərdir erməni cəmiyyətinə zəhərli ideologiyanı həzm etdirən bir vasitəyə çevrilib. Hətta Xocalı soyqırımı zamanı erməni keşişlərin birbaşa iştirak etdikləri, qətliamda yer alan silahlılara mənəvi dəstək verdikləri də məlumdur. Bu isə dinin əsas mahiyyətinə, yəni sülhə və mərhəmətə tam ziddir”.
Politoloq qeyd edir ki, Ermənistan kilsəsi klassik xristian dəyərlərinə deyil, daha çox özünəməxsus dini və ideoloji baxışlara əsaslanır:
“Bu fərqli inanca sahib olan kilsə gənc nəsli müharibəyə hazırlamaq məqsədilə formalaşdırılır. Hətta bu, Ermənistanın baş naziri Nikol Paşinyanla zaman-zaman açıq qarşıdurmalara səbəb olub”.
Əhməd Şahidovun fikrincə, erməni kilsəsi bu fəaliyyəti ilə xaricdəki lobbi qruplarından da ciddi dəstək alır. O bildirir ki, bu amillər Ermənistan cəmiyyətində sabitlik yaratmaq əvəzinə, onun daxilində ideoloji parçalanmalara yol açır:
“2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri erməni cəmiyyətində dərin iz buraxıb. Bu hadisələr ailələrdə itkilər və faciələrlə yadda qalıb. Ona görə də, cəmiyyətin bir hissəsi daha bir müharibə fəlakətini yaşamaq istəmir”.
Politoloq sonda vurğulayıb ki, Ermənistanın gələcəyi revanşist ideologiyalardan imtina etməklə və real sülh proseslərinə açıq olmaqla mümkündür