Azərbaycanın xarici siyasəti hər zaman bütün tərəfdaşlarla normal, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutub. 44 günlük Vətən müharibəsindən sonra isə regionda formalaşan yeni reallıqlar həm də yeni əməkdaşlıq imkanları yaradıb. Digər tərəfdən, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan etibarlı, ən əsası isə proqnozlaşdırıla bilən tərəfdaş kimi diqqəti cəlb edir. Məhz bu səbəbdən dünyanın iqtisadi nəhəngi sayılan Çinin Cənubi Qafqazda seçimi Azərbaycandır. Cənab Prezidentin Çinə dövlət səfəri ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Səfər zamanı imzalanmış vacib sənədlər rəsmi Pekinin Bakı ilə uzunmüddətli perspektivdə əməkdaşlığı davam etdirmək niyyətinin göstəricisi, həmçinin ölləmizin Şərq və Qlobal Cənub istiqamətində artan uğurlu əməkdaşlığının əyani təsdiqidir.
Eyni zamanda cənub qonşumuz İran da bu vaxta qədər baş verən bütün gərginliklərə rəğmən Azərbaycanla münasibətlərin normal məcrada inkişafında maraqlıdır. Bu ölkənin prezidenti Məsud Pezeşkian Bakıda bəyan etdi ki, “biz bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun”. Yəni rəsmi Tehran da etibarlı tərəfdaş kimi Azərbaycana önəm verir. Hətta İran şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunması da gündəlikdədir. Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, Gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik.
Xatırlatmaq yerinə düşər ki, Gürcüstan prezidenti də ilk xarici səfərini məhz Azərbaycana etdi və bu, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterini göstərdi.
Həmçinin Belarusun yeni baş naziri Aleksandr Turçinin ölkəmizə səfəri də rəsmi Minskin Bakı ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu göstərir. Azərbaycanla Belarus arasında əlaqələr hər zaman möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanıb. A.Turçinin baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsi isə sıx tərəfdaşlıq münasibətlərinin göstəricisidir.
Bütün bu səfərlər və dinamika rəsmi Bakının regional, qlobal məsələlərdə artan nüfuzunu, Qafqaz və Xəzər dənizi regionunda aparıcı aktor olmasını nümayiş etdirir. Eyni zamanda etibarlı tərəfdaş kimi Azərbaycanın mövqelərini möhkəmləndirir.
Millət vəkili Nigar Məmmədova