Azərbaycanda keçirilən beynəlxalq enerji forumları ölkənin qlobal enerji və iqtisadi əməkdaşlıq platformalarından biri kimi mövqeyini bir daha nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəsmilərin, şirkət nümayəndələrinin və ekspertlərin iştirakı ilə təşkil olunan tədbirlər Azərbaycana olan marağın göstəricisi kimi qiymətləndirilir.
Politoloq Tamilla Qulami News365.az-a açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlıq əsasən qarşılıqlı maraqlar üzərində qurulur.

“Bu gün dünyanın inkişaf etmiş dövlətlərinə və onların əməkdaşlıq etdiyi ölkələrə nəzər salsaq, görərik ki, beynəlxalq münasibətlərin təməlində ilk növbədə maraqlar dayanır. Özlərini demokratiyanın daşıyıcısı və müdafiəçisi kimi təqdim edən ölkələr belə, əməkdaşlıqlarını strateji və iqtisadi maraqları əsasında qururlar”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycanın geosiyasi mövqeyi, enerji resursları və beynəlxalq nəqliyyat layihələrindəki rolu ölkəyə olan marağı daha da artırır.
“Azərbaycan bu gün dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Xüsusilə Orta Dəhliz layihəsi qlobal ticarət və logistika baxımından mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də inkişaf etmiş dövlətlər Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar”, – deyə Tamilla Qulami vurğulayıb.
Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıb.
“Adətən müharibədən çıxmış ölkələrə münasibətdə müəyyən ehtiyatlı yanaşmalar müşahidə olunur. Lakin Azərbaycan son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə, o cümlədən COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi nüfuzlu platformalarla regionda təhlükəsizlik və sabitlik mühitinin mövcud olduğunu nümayiş etdirib”, – deyə o bildirib.
Politoloqun fikrincə, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar da beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
“Azərbaycan uzun illər münaqişə yaşadığı Ermənistanla belə, sülh gündəliyini irəli aparır. Bu isə ölkəmizin regionda sülhün tərəfdarı olduğunu göstərir və beynəlxalq etimadı daha da artırır”, – deyə Tamilla Qulami qeyd edib.
Ekspert sonda vurğulayıb ki, enerji resursları, nəqliyyat imkanları və strateji layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdir:
“Bu gün dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağının əsas səbəblərindən biri ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat layihələrindəki rolu və etibarlı tərəfdaş kimi çıxış etməsidir.”