ABŞ Dövlət katibi Marko Rubio Hindistana baş tutan dördgünlük rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Narendra Modi ilə mühüm danışıqlar aparıb.
News365.az xəbər verir ki, bu barədə Hindistanın nüfuzlu “News18” telekanalı məlumat yayıb.
Səfərin gedişatı barədə özünün “X” sosial şəbəkəsindəki hesabında da paylaşım edən Rubio ABŞ Prezidenti Donald Trampın adından Modiyə xüsusi mesaj çatdırıb və onu yaxın gələcəkdə Birləşmiş Ştatlara rəsmi səfərə dəvət edib.
Eyni zamanda, ABŞ-nin Hindistandakı səfiri Sercio Qor da sosial şəbəkələrdə görüşün detalları ilə bağlı bəyanat yayıb. Səfir bildirib ki, Rubio və Modi arasında keçirilən danışıqlar zamanı Vaşinqton və Nyu-Dehli arasında təhlükəsizlik, ticarət və qabaqcıl texnologiyalar sahələrində strateji əməkdaşlığın daha da dərinləşdirilməsi yolları geniş müzakirə olunub.
Hindistan mediasının yaydığı digər məlumatlara görə, Dövlət katibinin ölkə rəsmiləri ilə ikitərəfli görüşlərdən əlavə, Nyu-Dehlidə keçiriləcək “Dördlük” (Quad – ABŞ, Hindistan, Yaponiya və Avstraliya) ölkələrinin xarici işlər nazirlərinin sammitində də iştirakı gözlənilir.