Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina yenilənməlidir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə, Hərbi Doktrinası isə 2010-cu ildə qəbul olunub və həmin sənədlər hazırkı geosiyasi reallıqları tam əks etdirmir.
Onun sözlərinə görə, həmin dövrdə nə 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması, nə ölkənin dövlət suverenliyinin tam bərpa olunması, nə də kibermüharibə, süni intellekt, pilotsuz sistemlər, "deepfake" texnologiyaları və rəqəmsal iqtisadiyyat kimi yeni çağırışlar mövcud idi.
Zahid Oruc vurğulayıb ki, postmüharibə dövründə yaranmış yeni geosiyasi reallıqlar nəzərə alınmaqla, gələcək mərhələdə Milli Təhlükəsizlik Konsepsiyasının və Hərbi Doktrinanın müasir çağırışlara uyğun şəkildə yenilənməsi məqsədəuyğun olardı.