Azərbaycanda pensiya yaşı niyə artırıldı? – AÇIQLAMA

Azərbaycanda pensiya yaşı niyə artırıldı? – AÇIQLAMA
14:50

Dünyada əhalinin qocalması və doğum sayının azalması pensiya sistemlərinin gələcəyini ciddi sual altında qoyur. İşləyən sığortaolunanların sayının azalması birbaşa pensiya fondlarının gəlirlərinə mənfi təsir edir. Bəs Azərbaycanda mövcud vəziyyət necədir və işləyənlərin sayının azalması hansı maliyyə riskləri vəd edir?

News365.az xəbər verir ki, tanınmış iqtisadçı Xalid Kərimli mövzu ilə bağlı mühüm məqamlara toxunub.

Ekspertin sözlərinə görə, problem sərnişin və ya işçi sayından daha çox, toplanan sosial sığorta haqlarının ümumi məbləği ilə bağlıdır:

"Əgər vətəndaşların maaşlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxil olan vəsait cari pensiya xərclərini qarşılamırsa, sistemdə kəsir yaranır. Hazırda Azərbaycanda da analoji vəziyyətdir. Hər il pensiya büdcəsini tənzimləmək üçün dövlət büdcəsindən fonda 1 milyard manatdan çox vəsait transfer olunur. Bu kəsirin büdcə hesabına bağlanması dövlət maliyyəsi üçün əlavə yük deməkdir".

X.Kərimli qeyd edib ki, normal iqtisadi modeldə toplanan sığorta haqları təkcə pensiyaları tam ödəməməli, həm də fondun ehtiyat kapitalını formalaşdırmalıdır. Lakin ölkədə yaranan boşluq səbəbindən dövlət təhsil, səhiyyə və müdafiə xərcləri ilə bərabər bu kəsiri də dotasiya etmək məcburiyyətində qalır.

İqtisadçı son illər pensiya yaşının artırılmasının pərdəarxası səbəblərini də iqtisadi amillərlə izah edib:

"Kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə 65-ə qaldırılması məhz maliyyə öhdəliklərini azaltmaq məqsədi daşıyırdı. Ölkədə orta ömür uzunluğunun 74-75 yaş olduğunu nəzərə alsaq, bu qərar vətəndaşların orta hesabla cəmi 9-10 il pensiya ala bilməsinə səbəb olur ki, bu da müəyyən mənada ədalətsiz mənzərə yaradır".

Ekspert sonda xəbərdarlıq edib ki, hazırda neft gəlirləri və büdcə imkanları sayəsində problem kəskin hiss olunmasa da, gələcəkdə dövlətin gəlirləri azalarsa, pensiya sistemində ciddi çətinliklər qaçılmaz ola bilər. Bu isə həm də minimum pensiyaların artırılması imkanlarını məhdudlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada