Bazarlarda od tutub yanan qiymətlər: Bolluq var, bahaçılıq niyə bitmir? – EKSPERT RƏYİ

Bazarlarda od tutub yanan qiymətlər: Bolluq var, bahaçılıq niyə bitmir? – EKSPERT RƏYİ
13:46

Yay mövsümünün ortası olmasına və piştaxtalarda kifayət qədər bolluq müşahidə edilməsinə baxmayaraq, meyvə-tərəvəzin qiyməti ucuzlaşmaq bilmir. İstehlakçılar builki bahaçılıqdan narazıdırlar. Hazırda bazarlarda gilas və moruğun kiloqramı 18, alça isə 12 manata qədər təklif olunur.

News365.az xəbər verir ki, mütəxəssislər builki qiymət artımını ilk növbədə hava şəraiti və artan xərclərlə əlaqələndirirlər.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı bildirib ki, yazın sonu və yayın əvvəlində baş verən güclü yağıntılar, eləcə də dolu düşməsi bağçılıq təsərrüfatına ağır zərbə vurub:

“Ağacların çiçəkləmə və tozlanma mərhələsində intensiv xarakter alan leysanlar məhsuldarlığı kəskin aşağı salıb. Bu amil bazarda kütləvi qıtlıq yaratmasa da, ümumi təklif həcmini azaldıb və nəticədə qiymətlər yuxarı qalıb”.

Ekspert həmçinin qeyd edib ki, məhsulun baha olmasında təkcə hava yox, logistika xərcləri də mühüm rol oynayır. Ötən illə müqayisədə daşınma xərclərinin yüksəldiyini deyən X.Kərimli, dizel yanacağının 25 faiz bahalaşmasının bölgələrdən paytaxta gətirilən məhsulların maya dəyərinə birbaşa təsir göstərdiyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada