Tramp administrasiyası dövründə Dövlət Departamentinin baş müşaviri olmuş, Milli Maraqlar Mərkəzinin baş elmi işçisi Kristian Uayton "Fox Business" kanalına müsahibəsində ABŞ-nin İranla apardığı hazırkı danışıqları kəskin tənqid edib.
Uayton bildirib ki, amerikalı rəsmilər İran hökuməti daxilində islahatların mümkünlüyünü həddindən artıq şişirdirlər.
Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens (J.D. Vance) və danışıqlarda vasitəçilik edən digər şəxslər – Vitkoff və Cared Kuşner İran rəhbərliyindəki bəzi qüvvələrin siyasi islahat tərəfdarı olduğunu və Vaşinqtonla onilliklərdir davam edən düşmənçiliyə son qoymaq istədiyini düşünürlər. Keçmiş müşavir isə bu yanaşmanın böyük bir yanlışlıq olduğunu vurğulayıb.
Uayton qeyd edib ki, İran rejiminin daxilində guya "mötədil" qüvvələrin olması və onların köklü dəyişikliklərə can atması ideyası onilliklərdir mövcuddur, lakin bu günə qədər heç bir nəticə verməyib. O, Reyqan administrasiyası dövründə yaşanan məşhur "İran-Kontras" qalmaqalını xatırladaraq, Tehrandakı "mötədillər"lə dialoq qurmaq cəhdlərinin keçmişdə də uğursuzluqla bitdiyini diqqətə çatdırıb.
Ekspert xəbərdarlıq edib ki, İranla aparılan danışıqlar ABŞ üçün baha başa gəlir. Son güzəştlər sayəsində rəsmi Tehranın neft bazarlarına çıxışı genişlənib və dollar əməliyyatları aparmaq imkanı yaranıb. Uaytonun fikrincə, bu cür iqtisadi güzəştlər və sanksiyaların yumşaldılması Ağ Evin təzyiq göstərmək istədiyi radikal qüvvələrin maliyyə imkanlarını daha da gücləndirir.