"Süni körpə qidaları böyük bir proseslə ölkədə irəliləyir. Bu, çox pisdir. Mən belə bir vəziyyətdən çox utandım."
News365.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Tv365 kanalında deyib.
"Təxminən 25 gün əvvəl Beynəlxalq Uşaq Fondunda Azərbaycanda bir tədbir keçirildi. Mən də o tədbirdə var idim və həmin tədbirdəki informasiyalardan çox məyus oldum. Mən illər boyu, yəni Azad İstehlakçılar İcra Birliyi ana südü ilə qidalanmanın təbliğinə dair Beynəlxalq Təşkilatın üzvü olduğu bir şəraitdə, IFFAN Təşkilatının bir üzvü kimi çoxlu beynəlxalq tədbirlərdə iştirak etmişəm.
İllər boyu mən Azərbaycandakı vəziyyətin, yəni ana südü ilə qidalanmanın faizinin 40-45 faiz olduğunu deyirdim. Lakin ölkənin çox məsul bir şəxsi həmin beynəlxalq tədbirdə çıxış etdi və dedi ki, ana südü ilə qidalanma ölkədə 28 faizdən yuxarı deyil. Bu o deməkdir ki, süni uşaq qidalarına, süni körpə qidalarına böyük bir koridor yaradılmışdır. Və bu, Azərbaycanda inkişaf etməkdədir. Süni körpə qidaları böyük bir proseslə ölkədə irəliləyir. Bu, çox pisdir. Mən belə bir vəziyyətdə çox utandım.
Sanki şəbəkə şəklində işləyir. Bu şəbəkə doğum evlərindən başlayır. Doğum evlərində deyirlər: “bu qidadan alın”, “bu qidadan istifadə edin.” Doğum evlərində körpə qida distribyutorlarının pediatrlara birləşib ayaq açması, erkən yaşlı körpələrin qidalanmasına dair Azərbaycan istiqamətinə ziddir. Və çox təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyinin sədri olaraq mən pis işlədiyim üçün hələ də deyə bilmirəm ki, pediatrları bu vaxta qədər ifşa edə bilmişəm. Lakin onların izlərini doğum evlərində görmüşəm.
Doğum evlərində verilən körpə qida distribyutorlarının orada ayrıca bir guşə yaratması, uşaqlar üçün əyləncə yerləri hazırlaması və s. – bütün bunlar oraya qoyulur ki, pediatrlarla birgə işləsinlər. Çox təəssüf ki, bu problem ölkədə yaşanır.
Yenidən çağırış edirəm: insanlar istəyirlər ki, övladları sağlam olsun, möhkəm olsun, yaxşı böyüsün. İlk gündən uşaqların körpəlikdən ana südü ilə qidalanmasına üstünlük verilməlidir."