Dindən sui-istifadəyə yol verilməməlidir - Deputat

Dindən sui-istifadəyə yol verilməməlidir - Deputat
11:56

“Azərbaycanda Milli Azərbaycançılıq İnstitutunun yaradılmasına böyük ehtiyac var”.

News365.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili bunu Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat çıxışında milli ideologiyanın əsas istiqamətlərindən danışıb. O, Ulu öndər Heydər Əliyevin 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının altıncı ildönümünə həsr olunmuş tədbirdəki çıxışını xatırladaraq milli ideologiyanın dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsiplər üzərində qurulduğunu bildirib.

Tahir Mirkişilinin sözlərinə görə, dövlətçilik Azərbaycanın müstəqilliyinin və bütövlüyünün qorunması, möhkəmləndirilməsi, hər bir vətəndaşda Vətənə, xalqa və ana dilinə bağlılıq hissinin formalaşması deməkdir.

Deputat milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu dəyərlərin əsasını xalqın adət-ənənələri, Azərbaycan dili, eləcə də mütəfəkkirlərin və görkəmli şəxsiyyətlərin yaratdığı mənəvi irs təşkil edir. Onun fikrincə, dindən və ana dilindən şəxsi məqsədlər üçün istifadə edilməsinin qarşısı alınmalıdır.

Tahir Mirkişili ümumbəşəri dəyərlərin də milli ideologiyanın mühüm tərkib hissəsi olduğunu söyləyib. O bildirib ki, hüquqi və dünyəvi dövlət quruculuğu bu prinsiplərin əsas ifadələrindəndir:

“Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Bu ideologiyanın təbliği və inkişaf etdirilməsi üçün elmi araşdırmaların genişləndirilməsi vacibdir”.

Tahir Mirkişili bu məqsədlə Azərbaycanda Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib. O hesab edir ki, belə bir institut milli ideologiyanın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə və onun sistemli şəkildə təbliğinə töhfə verə bilər.


Sizin reklam burada
Sizin reklam burada