Ümid Partiyasının sədri İqbal Ağazadə Cənubi Qafqazda baş verən son proseslərin Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirib.
News365.az-a açıqlamasında siyasətçi qeyd edib ki, əgər Ermənistan Rusiyanın yanında yer alsaydı və balanslı mövqe nümayiş etdirərək neytral siyasət yürüdə bilsəydi, beynəlxalq diqqət daha çox Azərbaycana yönələr, ölkəmizdən müxtəlif istəklər və güzəştlər tələb olunardı.
“Ermənistanın Rusiyanın maraqlarına zidd siyasət aparması və Moskvanın regiondakı təsirini zəiflətməsi nəticəsində proseslərin episentri hazırda məhz Ermənistan ətrafında cərəyan edir. Bu da Azərbaycana əlavə vaxt və fürsət qazandırır ki, xarici siyasətini daha rahat şəkildə həyata keçirsin, beynəlxalq tərəfdaşları ilə əlaqələrini möhkəmləndirsin”, – deyə İqbal Ağazadə vurğulayıb.
Ümid Partiyasının sədri əlavə edib ki, əgər Rusiya regionda rəqabət aparmasaydı və Ermənistan onun sadiq müttəfiqi olaraq qalmağa davam etsəydi, bu, Azərbaycandan daha çox güzəşt gözləntilərinə səbəb olardı:
“Bu cür vəziyyət isə Azərbaycanı bəzən sərt, bəzən açıq şəkildə mövqe sərgiləməyə məcbur edərdi. Hazırkı şərait isə Azərbaycanın maraqlarına daha uyğundur və bundan maksimum yararlanmaq lazımdır”.
Zəngəzur dəhlizi məsələsinə də toxunan İqbal Ağazadə qeyd edib ki, bu dəhliz sadəcə Azərbaycanın deyil, həm də beynəlxalq təşkilatların və aparıcı güclərin marağında olan “Orta Dəhliz” layihəsinin bir hissəsidir:
“Fransa və ABŞ kimi dövlətlər bu layihəyə qarşı rəqabət aparmaq əvəzinə, bəzən əməkdaşlıq mövqeyi nümayiş etdirirlər. Bu isə Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyətini bir daha sübut edir”, – siyasətçi bildirib