Son günlər Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevlə bağlı bir sıra saytlarda və sosial şəbəkələrdə qalmaqallı müzakirələr aparılır. Aparılan müzakirələrdə keçmiş başçısının guya qeyri-qanuni yaşadığı bir xanıma daş karxanası bağışladığı qeyd edilir.
News365.az günlərdir müzakirə olunan bu qalmaqallı məsələ ilə bağlı İbrahim Mehdiyevlə əlaqə saxlayıb. O,saytımıza açıqlamasında məlumatların yalan, tamamilə uydurma olduğunu bildirir:
"Bu məsələlərin mənə aidiyyəti yoxdur. Bu sözləri deyən adamlardan soruşun ki, məni tanıyırlar, ya yox. Mən, ümumiyyətlə, o qadını tanımıram. Ola bilər ki, məni istəməyən adamlar qəsdən belə müzakirələr yaradıblar. Əslində mən bilirəm, bu yalanlar haradan qaynaqlanır. Bunu məni sevməyən məşhur icra başçılarından biri yazıb. Mən qeyd edim ki, mən Vətənə layəqətlə xidmət etmişəm. Yasamalda icra başçısı kimi işlədiyim dövrlərdə 4 park saldırmışam. Sakinlərə qayğı ilə yanaşmışam, onlara həmişə mənim qapım açıq olub və mən bütün vətəndaşları həmişə təxirə salınmadan qəbul etmişəm.
Mənim dövrümdə Yasamalda böyük söküntü işləri aparılıb, "Sovetski"-ni mən sökmüşəm. Mən orada sakinlərin hamısı ilə bir-bir danışmışam. Elələri var idi ki, onların yaxınları türmədə idi, hətta mən onlarla əlaqə yaradıb razılıq almışam. Əlimdən nə gəlirsə dövlətim və millətim üçün etmişəm, vicdanla və layəqətlə işləmişəm. İndi mənim haqqımda belə ifadələrin söylənməsinə təəssüf edirəm. Görünən odur ki, mən kimlərinsə barmağını möhkəm basmışam, ona görə də mənim haqqımda belə ifadələr yazırlar. "
Deyirlər ki, sizin Bakı şəhərində 30-dan çox eviniz var?
"Bu yalandır. Mənim Xətai metrosunun arxasında bir evim var və bir də bağım var."
Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. O, 2017-ci ildə "Sovetski" adlanan ərazidə yerləşən "Haci Cavad" məscidini sökülməsinə görə işdən çıxarılmışdı.