Biləsuvar rayonunun Günəşli kəndində güclü yanğın baş verib. Gecə saatlarında Tağı Qasımova məxsus iki mərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində ailə evsiz qalıb. Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.
News365.az xıbır verir ki, ümumi sahəsi təxminən 196 kvadratmetr olan, taxta konstruksiyalı, 6 otaqlı ev içindəki əşyalarla birlikdə tamamilə külə dönüb. Hadisə zamanı evdə heç kimin olmaması faciənin daha ağır nəticələrə səbəb olmasının qarşısını alıb.
Qonşular yanğını görərək müdaxilə etməyə çalışıblar. Onlar birinci mərtəbənin pəncərəsini sındırsalar da, alovun şiddətindən evə daxil ola bilməyiblər.
“O yolla keçirdik, hay düşdü ki, ev yanır. Qayıdıb qaçdım bura… Pəncərəni qırmaqla alov birdən şiddətləndi. Heç bir əşyanı çıxara bilmədik.”
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin yanğının miqyası geniş olduğundan evi xilas etmək mümkün olmayıb.
“Evdən çıxmışdım, iş üçün çölə getmişdim. Zəng gəldi ki, eviniz yanır. Qayıdıb gəldim, artıq hər şey – yuxarı, aşağı – tamam yanmışdı.”
Yanğın nəticəsində evdə olan bütün əşyalar, o cümlədən ailəyə məxsus qiymətli zinət əşyaları da məhv olub. İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.