Məktəblərdə şagirdlərə elm və bilik vermək əvəzinə, başqa ölkənin dini liderinə həsr olunmuş mahnıların oxudulması müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, Əməkdar jurnalist Bəturə Nəbiyeva məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, məktəbin əsas missiyasının əsrlər boyu dəyişmədiyini, təhsil müəssisələrinin elm, bilik və tərbiyə ocağı olduğunu vurğulayıb. Jurnalistin fikrincə, məktəblərin kimlərinsə şəxsi maraqlarına və ya siyasi ambisiyalarına xidmət edən məkana çevrilməsi yolverilməzdir.
“Uşağa elm, bilik, savad, tərbiyə vermək əvəzinə başqa ölkənin dini liderinə həsr olunmuş mahnı oxudurlar. Edən də özümüzünküdür… Müstəqil Azərbaycanın müəllimidir”, – deyə paylaşımda qeyd olunub.
Bəturə Nəbiyeva bu cür halların təhsilin məqsədinə uyğun olmadığını diqqətə çatdıraraq, onların hansı maraqlara xidmət etdiyini sual edib. O hesab edir ki, məqsəd insanların düşüncəsinə təsir göstərmək və cəmiyyəti cahil bir topluma çevirməkdir.
Bununla belə, jurnalist məktəblərin öz əsas missiyasını qoruyacağına inandığını ifadə edib. O, uşaqların mahnı oxumasına qarşı olmadığını, əksinə, onların Azərbaycan və azərbaycanlılar üçün mahnılar ifa etməli olduğunu vurğulayıb.
Paylaşımını Azərbaycanın azadlığına və Vətənə sədaqətə həsr olunmuş misralarla tamamlayan Bəturə Nəbiyeva yazıb:
“Səndən ötrü can verməyə cümlə hazırıq!
Səndən ötrü qan tökməyə cümlə qadirik!”