Bayramda yola çıxan sürücülərə vacib xəbərdarlıq

Bayramda yola çıxan sürücülərə vacib xəbərdarlıq
11:03

Bayram günlərində avtomobillə bölgələrə üz tutanların sayının artması yollarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bu dövrdə yol-nəqliyyat hadisələrinin sayında da artım müşahidə olunur.

News365.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bayram günlərində bölgələrdə əsasən toqquşma, avtomobilin aşması və maneəyə çırpılması ilə nəticələnən qəzalar qeydə alınır.

İdarənin məlumatına görə, hadisələrin baş verməsində sürücülərin getdikləri yollara bələd olmaması, mürəkkəb relyefli ərazilərdə idarəetmə təcrübəsinin kifayət qədər olmaması, yorğun və yuxusuz halda sükan arxasına keçməsi mühüm rol oynayır. Bundan başqa, əlverişsiz hava şəraiti, qaranlıq vaxtı və məhdud görünmə şəraitində təhlükəsizlik tədbirlərinə əməl edilməməsi, texniki cəhətdən nasaz avtomobillərin idarə olunması da qəza riskini artırır.

Bildirilib ki, son illər səfərlər zamanı kirayə avtomobillərdən istifadə halları da geniş yayılıb. Lakin nəqliyyat vasitəsinin texniki vəziyyətinin və ya xidmətindən istifadə edilən sürücünün peşəkarlığının əvvəlcədən yoxlanılmaması ciddi fəsadlara səbəb ola bilər.

BDYPİ bayram münasibətilə vətəndaşları təbrik edərək, bütün yol hərəkəti iştirakçılarını qaydalara və təhlükəsizlik tövsiyələrinə ciddi əməl etməyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada