Mədinədə siyasi proseslərdən uzaq şəkildə yaşayıb ömrünü ibadət və elmə həsr edən Əli oğlu Hüseyni atasına, qardaşına xəyanət edib ölümə verənlər Kufədən məktublar yazıb imadada çağırırdılar. Məktublar artdıqca Yezidin Mədinə valisi kəşfiyyat məlumatları alaraq narahat olurdu. Nəhayət gecə İmam Hüseyni qəfil çağırtdırıb təcili Yezidə beyət etməyə məcbur etmək istədi. İmam Hüseyn isə düşünmək adı ilə imtina etdi və digər günün gecəsi
Məkkəyə üz tutdu. Orada da onu rahat qoymadılar. Nəhayət Həcc ibadəti üçün ehrama girdi. Ehram altında silah gəzdirən şəxslər ona sui-qəsd etmək üçün səfərbər olmuşdu. Çünki məktubların çoxalması və müxtəlif bölgələrdən gələn zəvvarlar qəfil onun başına yığışıb böyük təsiredici gücə çevrilə bilərdilər. İmam Hüseyn Məkkədə qanının tökülməməsi üçün ziyarəti yarımçıq qoyub yola çıxmalı oldu.
Lakin əvvəlcə əmisi oğlu Müslimi Kufəyə yolladı ki, görsün nə məsələdir. Müslim Kufəyə çatan kimi minlərlə insan onun başına toplaşıb Hüseyni gözlədiklərini dedilər və ona beyət etdilər. Sabahı isə valinin təzyiqi ilə üz döndərib əks tərəfə keçdilər. Müslim tək qalıb şəhid oldu. Lakin adamların beyət etdiyi ərəfədə əmisi oğluna yazmışdı ki, hamı səni gözləyir, gəl.
İmam Hüseyn yola çıxanda qardaşı Məhəmməd Hənəfiyyə və məşhur səhabələrin oğulları Abdullah bin Ömər, Abdullah bin Zübeyr, Abdullah bin Abbas ona getməməyi tövsiyyə etdilər. Hətta çıxılmaz vəziyyətdə Yəmən dağlarına yaxud Türk yurdlarına üz tutmağa çağırdılar. Lakin İmam Hüseyn qəti olaraq gedəcəyini bildirdi.
Yarı yola çatanda Müslimin şəhadət xəbəri və Kufə əhlinin satıldığını ona çatdırırlar. Bəzi məlumatlara görə geri dönmək istədi, lakin Müslimin övladları atalarının qanını almaq üçün mütləq getməkdə təkid etdilər.
Nəhayət Kərbəla adlı yerdə Yezid qoşunu ilə üzləşdilər. Qeyri - bərabər qanlı savaşda İmam Hüseyn və qardaşları, qardaşı uşaqları, öz övladları, qohumları, dostları hamısı şəhid oldu. Qadınlar əsir edildi. Tarixi məxəzlərə görə İmam Hüseynin 150 - ə yaxın bəlkə də bir qədər artıq tərəfdarı şəhid edildi. Xüsusi amansızlıqla qətlə yetirilən şəxslərin başları kəsildi və nizələrə taxıldı.
Peyğəmbər nəslini beləcə genosid edənlər yəhudi deyildi. Heç xristianlar da deyildi. Əsla bütpərəst müşriklər də deyildi. Sadəcə müsəlmanlar idi. Özü də ataları, babaları Peyğəmbəri görmüş, guya iman gətirmiş səhabə nəslinin nümayəndələri idilər.
Amma xain müsəlmanlar, dönük, mürtəd olmuş zalım müsəlmanlar idilər. İmam Hüseyni isə kafir elan edərək öldürürdülər. Axı kafir olmayanın qanı halal sayılmır şəraitdə. Çünki mirasını qarət edib ailəsini əsir etdilər. Şəriətə görə müsəlmanın ailəsi əsir edilə, malı qənimət ola biiməz. Amma müsəlmanlar öz peyğəmbərlərinin övladlarını qırıb arvadlarını əsir etdilər, malını da qarət edib qənimət kimi aralarında böldülər. Başları da nizələrə taxdılar.
Başları da Çin padşahına, Bizans hökmdarına yox, müsəlmanların "xəlifəsi"nə peşkəş olaraq apardılar ki, mükafat alsınlar.
İmam Hüseynin qətlində onunla şəhid olanlardan savayı, bir də Mədinədə ona tövsiyyə edənlərdən başqa o dövrün bütün müsəlmanları günahkardır. Çünki bir qismi onu aldadıb məktub yazıb çağırdılar, sonra da Yezidin valisi xox edən kimi onun tərəfinə keçib qatillərə qoşuldular. Digər qismi də cinayət əmri verdi və icra etdilər yaxud susdular.
Məktub yazanlar sonra peşman olub başladılar başlarına döyməyə. Lakin nə fayda? Əsirlər geri qayıdanda onları görüb lənətlər yağdırdılar. İmam Zeynəlabidinin və Seyyidə Zeynəbin, başqalarının Kərbəla xütbələrində bu əksini tapıb. Günahkarlar əllərindəki xəncər, zəncirlə başlarını yarmağa, saqqallarını yolmağa başladılar. Əhli Beyt isə onları lənətləyib Allaha tapşıraraq yenidən gəldikləri Mədinəyə üz tutdu...
Peşman olanlar sonra "Təvvabin" hərəkatı yaradaraq guya İmam Hüseynin təzədən qanını almaq istədilər. Amma Süleyman adlı başçıları öldürüldü və dağıldılar. Yalnız fürsət düşən kimi qəbirlərin başına toplaşıb başlarına döyməklə, mərsiyələr deməklə peşmançılıq hisslərini ifadə etdilər.
Nahayət o qədər də dindar olmayan Muxtar adlı ərəb cəngavəri kütlənin ağlına uyğun olaraq bəzi metodlar işlədərək bəzi xurafatlarla onları inandırıb başına cəm etdi və demək olar ki, Kərbəla qatillərinin hamısını tapıb doğradı, dərisini soydu, qaynar qazanda qaynatdı.
Sonda onun özünü də Abdullah bin Zübeyrin qoşunu təkləyib öldürdü. Adına pis sözlər çıxarıb ləkələmək üçün şaiələr yaydılar.
Muxtar heç zaman başına döyüb ağı demədi, özünü aciz, məzlum göstərmədi. Sakitcə işini gördü. O da başları bir torbaya doldurub İmam Hüseynin oğlu İmam Zeynəlabidinə yolladı. Rəvayətə görə Kərbəla şəhidlərinin başlarını Yezid yemək yeyərkən qarşısına düzmüşdülər. Ona görə Muxtar tapşırmışdı ki, Zeynəlabidin xörək yeyərkən daxil olub başları qarşısına atsınlar. Elə də etdilər. İmam Zeynəlabidin gülümsəyib Allaha səcdə etdi. Məlumata görə 8 ildən sonra onun üzü ilk dəfə gülmüşdü...
Tural İrfan, ilahiyyatçı