Vaşinqtonda
imzalar atıldı, fotolar çəkildi və Azərbaycan-Ermənistan münasibətlərində yeni
mərhələ başladı. Düzdür, hələ son sənədin imzalanmasına ən azı 9–10 ay var.
Buna baxmayaraq, tərəflər düz yola çıxıb və üzü finişə doğru irəliləyirlər.
Paraflanan
sülh sazişinin X bəndi tərəflərə müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi
üçün yaşıl işıq yandırır. Cəmi 7 həftə sonra, mərkəzi Gəncə olmaqla, Xankəndi də
daxil 7 şəhərdə 3-cü MDB Oyunları başlayacaq. Son məlumata əsasən, Azərbaycanla
yanaşı, 7 ölkə artıq bu oyunlarda iştirakını rəsmən təsdiq edib. İrəvanın rəsmi
xətti bu günə qədər belə idi ki, təhlükəsizlik məsələləri tam aydınlaşandan
sonra qərar veriləcək. Vaşinqtonda keçirilən görüş və imzalanan sənədlər təhlükəsizliklə
bağlı parametrləri tamamilə aydınlaşdırdı. Artıq qatılmamaq üçün bəhanə gündəlikdən
çıxıb. Əksinə, yaranmış fürsətdən maksimum istifadə edib, qatılmaqla etimadın
formalaşdırılması üçün ilk addımı atmaq olar.
Bundan öncə
də Ermənistan idmançıları Bakı Avropa Oyunlarına təkcə qatılmamış, həm də
kürsüyə çıxmışdılar və onları mükafatlandıran da Azərbaycan prezidenti olmuşdu.
O zaman da Azərbaycan Ermənistan heyətinə tam təhlükəsizlik təminatı vermişdi.
Düşünürəm ki, yaxın 2 həftə ərzində Ermənistan tərəfi 3-cü MDB Oyunlarında
iştirakını rəsmən təsdiq edəcək. Beləliklə, idman oyunlarını siyasi şouya
çevirmək istəyənlərin də Netflixə baxmaqdan başqa çarəsi qalmayacaq.
Aqil Məmmədov, ekspert