Dilənçilik İslam dinində bəyənilmir. Lakin buna rəğmən ehtiyac ucundan dilənənlərə də sədəqə vermək tövsiyyə olunur. Dilənçinin bir günlük azuqəsindən artıq dilənməsi haramdır. Ona pul vermək də haramdır. Yoxsa ki, elə dilənçilər var, sonda özünə maşın alır. Sosial nizamı pozan belə dilənçilər əməksiz asan qazanc ənənəsi meydana gətirdikləri üçün böyük günaha batırlar. Ölkəmizdə də müxtəlif səbəblərdən dilənən adamlar var. İçində həqiqətən ehtiyaca görə dilənənlər və fırıldaqçılar var. Dilənməyin də ədəbi, əxlaqı var. Əgər dilənçiyə gündəlik 10 manat lazımdırsa ona 20 manat uzadan şəxsdən onu almamalıdır. Çünki onun ehtiyacı 10 manatadır. Amma bizim dilənçilər elə tamahkardır ki, biri 100 minlik maşının açarını uzatsa onu da əlindən alıb qaçarlar.
Məscidlərin həyətinə doluşurlar, ibadətə gələn adamların üstünə gedib camaatın içində pul istəyirlər. Bəlkə birinin cibində heç pulu yoxdur. Niyə dilənçi onu utandırmalıdır? Dikənçilər qaraçı üsulunda dilənir artıq. Adamın üstünə cumub əl çəkmirlər. Məscidin həyətinə gəlib namaza qoşulmurlar, sonra da Allahın adı ilə yardım istəyirlər. Məscid rəhbərliyi də buna şərait yaradır. Çox pis bir mənzərə yaranır məscidlərdə. Bir də görürsən bir məscidin həyətində 10-15 dilənçi var. İbadət gələn adam onların əlindən gəldiyinə peşman olur. Birinə verirsən, digəri üstünə gəlir.
Dilənçi Parkı yaradıb hamısını ora cəmləmək olar ki, yardım etmək istəyənlər də gedib orada həmin adamlara kömək etsinlər. Yoxsa küçələrdə, məscidlərdə bu adamların sakinlərin üstünə getməsi, maşınların şüşəsinə əl uzatması, məscidlərdə mənfi görüntü yaratması qəbul edilən deyil. Məscidə rəhbərlik edən şəxslər gərək bu məsələ ilə bağlı məsuliyyətli olsunlar. Məscid dilənmək yeri deyil, sosial müdafiə fondu deyil, Allaha ibadət yeridir.
Dəfələrlə dilənçilər görmüşəm ki, bir nəfər 2-3 saatdan bir gəlir torbasındakı qəpikləri boşaldıb aparır, şəxs də yenidən dilənir. Özü də qışın soyuğunda, yayın istisində metronun qabağındadır. Baxırsan bu adam 1-ci qrup əlildir. Demək dövlət ona təqaüd, yardım verir. Pul torbasını boşaldanın olması da onu sübut edir ki, demək köməkçisi də var. Bəs onda bu şəxsi nə üçün diləndirirlər? Belə çıxır ki, əlili istismar edərək diləndirib asan qazanc əldə edirlər.
İnsanlar bilsin: dilənçiyədən soruşun, bu gün nə qədər qazanıbsan? Tutaq ki, 20 manat. Artıq həmin dilənçiyə pul vermək haram və günahdır. Çünki günlük yeməyini çıxarıb. Əks halda ona pul vermək asan və rahat, zəhmətsiz qazanc yolu açmaqdır ki, bu da başqalarının da həmin yola meyl etməsinə şərait yaratmaqdır. İnsanları dilənməyə yox, əməyə, zəhmətə sövq etmək lazımdır.
Eyni zamanda edilənçinin gündəlik yemək pulundan artıq dilənməsi də haram və günahdır. Demək o bunu artıq peşəyə, sənətə çevirib. Yaxud başqalarını düşünmür. Tamah ona güc gəlib. Əgər o çox pul qazansa heç zaman dilənçilikdən əl çəkməz.
Dilənçiyə pul verərkən elə etmək lazımdır ki, o bu əməlini davam etdirməyə meylli olmasın, işləsin, zəhmət çəksin. Ən azı camaatın abrını tökərək pul qazanmasın.
Tural İrfan, dinşünas