Vaşinqtonda ötən gün baş tutan tarixi
görüş və qazanılan böyük siyasi qələbə hər kəs kimi Azərbaycan Milli İstiqlal
Partiyası tərəfindən də təqdir edilir, dəstəklənir.
AMİP-in bununla bağlı yaydığı bəyanatı
təqdim edirik:
“8 avqust 2025-ci il Azərbaycanın
diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. AMİP hesab
edir ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan
arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə
malikdir.
Azərbaycan və ABŞ arasında strateji tərəfdaşçlıq
münasibətlərinin qurulması üçün atılan addımlar, ABŞ Prezidenti tərəfindən
"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması
barədə sərəncamın imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsinin paraflanması, ATƏT-in
Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin
imzalanması, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın haqlı tələblərinin öz həllini
tapması və ən nəhayət imzalanan üçtərəfli bəyannamədə Sülh Sazişin imzalanması
və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac
olduğunun, yəni Ermənistan tərəfindən Konstitusiya dəyişikliyi edilməsinin zəruriliyinin
təsbit edilməsi əslində Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqların
beynəlxalq miqyasda etirafı kimi qəbul edilməlidir.
Bütün bu sadalananlar Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
savaşında əldə edilən qələbə və keçən dövr ərzində bu istiqamətdə aparılan
uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq mümkün oldu. Məhz Azərbaycan
Prezidenti, cənab İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və
diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi.
Azərbaycan Milli İstiqlal Partiyası əldə
olunan razılaşmaları Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda
mühüm addım kimi qiymətləndirərək təqdir edir və hesab edir ki, xarici düşmənlə
münasibətlərin normallaşması ölkə daxilinə daha çox diqqət ayırmağa və müxtəlif
sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır”.
News365.az