Qida Təhlükəsizliyi
Agentliyi Avropa Qida Standartları Agentliyi EFSA-nın nizamnaməsi əsasında
yaradılanda məndə Qida təhlükəsizliyi sahəsində çox şeyin dəyişəcəyi ilə bağlı
böyük ümidlər yaranmışdı. Qurum yaradılarkən hamıya dedilər ki, bu qurum
Avropadakı kimi işləyəcək, artıq keyfiyyətsiz, saxta, təhlükəli qida
tapılmayacaq. İnsanlarda mənim kimi ümidlə düşündülər ki, nəhayət, bazarda
satılan broylerlərdən tutmuş süd məhsullarına qədər hər şey düzələcək, süfrəmizə
ancaq sağlam qida gələcək. Amma illər keçdi, vəziyyət çox da dəyişmədi. Hələ də
marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır. "Mərcan
Broyler", “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları
dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli
ağardıcı boyalardan istifadə edildiyi deyilir, süd məhsullarında normadan artıq
qatqılar tapıldığı xəbərlərdə çıxır, amma istehsal dayanmır. İstehlakçı bu
halları görə-görə təbii olaraq soruşur: bəs Qida Təhlükəsizliyi Agentliyi nə iş
görür?
Avropada belə
qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır,
istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır. Bizdə isə “minlərlə
yoxlama, yüzlərlə cərimə” kimi ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir,
kim qaydanı pozub — bunlar demək olar açıqlanmır. Elə bil, istehlakçı üçün əsas
olan məsələ arxa plana atılır. Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və
kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük fabriklərə, tanınmış markalara
qarşı çox yumşaq davranırlar. Bu da təbii olaraq “kiminsə söykənəcəyi var”
söz-söhbətini artırır.
Bütün bunlara
görə insanlar hesab edir ki, qurum yaradılarkən verilən vədlər yerinə yetirilməyib.
Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir.
İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin
ola bilmir. Bir müddət bundan əvvəl telekanalların birində portağallara boyaq
maddə qatılması ilə bağlı telekanalın sujetində Qida Təhlükəsizliyi Agentliyi
açıqlama verdi ki, bu məsələdən sizin sayənizdə xəbərdar olduq və araşdırma
aparılır. Üstəlik, vətəndaşlara müraciət ediblər ki, belə halları görsələr,
agentliyə məlumat versinlər. Sual olunur əgər hər şeyi vətəndaş deməlidirsə, bəs
onda agentlik hara baxır?
İlkin Məmmədkərimov, News365.az