Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən 232 saylı uşaq bağçasının yaxınlığı sahibsiz küçə itləri ilə doludur. Sakinlərin sözlərinə görə, itlər sürü halında hərəkət edir, uşaqlara və valideynlərə qorxu yaradır.
News365.az xəbər verir ki, bağçaya gedib-gələn uşaqlar və onları müşayiət edən valideynlər çətinliklə üzləşir. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, hələ ki, heç bir tədbir görülməyib.
Valideynlərin bildirdiyinə görə, hətta bəzi sahibsiz itlər uşaqlara və valideynlərə hücum edərək onları dişləyib. Bu isə ərazidəki insanların təhlükəsizliyini daha da sual altına qoyur.
Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə etməyi və uşaqların təhlükəsizliyini təmin etməyi tələb edirlər.